M10 və “Birbank” tətbiqlərində texniki nasazlıq: Sərnişinlər metrolarda çətinliklə üzləşdi
9 may 2025-ci il, səhər saat 08:15 radələrində Bakı Metropolitenində sərnişinlərin turniketlərin qarşısında toplaşması diqqət çəkib. Sərnişinlərdən biri, hadisə yerində müşahidələrini bölüşərək bildirib ki, X-ray cihazından keçid etdikdən sonra “M10” mobil tətbiqinə daxil olaraq metro keçidi üçün QR kod yaratmaq istəyib. Lakin tətbiqdə texniki nasazlıq baş verib və sistemdən istifadə mümkün olmayıb.
Vətəndaş alternativ olaraq “Birbank” tətbiqinə daxil olub, lakin orada da eyni problem təkrar olunub. Qeyd edək ki, “Kapital Bank” tez-tez reklamlarında ölkənin birinci bankı olduğunu iddia edir, lakin istifadəçilər son zamanlar texniki problemlər və izahsız balans çıxarılmaları ilə üzləşdiklərini bildirirlər.

Vətəndaş həmçinin qeyd edib ki, bir müddət əvvəl “M10” tətbiqində NFC funksiyası ilə “Azəriqaz” smart kartlarına ödəniş imkanı yaradılıb. Lakin istifadə nəticəsində balans artmayıb və vətəndaş məsələni həll etmək üçün ASAN Kommunal xidmətinə müraciət etmək məcburiyyətində qalıb.

Şikayətçi bildirir ki, bu cür texniki nasazlıqlar xidmətin “asan”laşdırılması əvəzinə onu daha da çətinləşdirir. O, gələcəkdə rəqəmsal xidmətlərdən imtina edərək fiziki “BakıKart” istifadə etməyə qərar verdiyini vurğulayıb.