Həmkarlar ittifaqında narazılıq böyüyür – Mingəçevirdə mübahisə, təcili yardım çağırılıb?
Mingəçevir şəhər Molla Pənah Vaqif adına Mərkəzləşmiş Kitabxanada baş verən hadisələrlə bağlı müraciət daxil olub
Redaksiyamıza daxil olan məlumata əsasən, Mingəçevir şəhər Molla Pənah Vaqif adına Mərkəzləşmiş Kitabxanada mübahisə baş verib. Bildirildiyinə görə, mübahisəyə səbəb kitabxana işçilərinin Mingəçevir şəhər Mədəniyyət Həmkarlar İttifaqına üzv olmaq istəməmələri və bu məsələyə görə təzyiqlərlə üzləşmələri olub.
İddialara əsasən, bəzi işçilər həmkarlar ittifaqının fəaliyyətsizliyindən narazı qalaraq üzvlükdən çıxmaq istədiklərini bildiriblər. Bu qərar qarşı tərəfin etirazına səbəb olub və nəticədə tərəflər arasında mübahisə yaşanıb. Məlumata görə, yaranmış gərginlik səbəbindən bir şəxsin səhhəti pisləşib və kitabxanaya təcili tibbi yardım çağırılıb.
Qeyd olunur ki, iqtisadi çətinliklər fonunda əməkhaqlarından müxtəlif adlarla tutulan vəsaitlər əməkdaşların narazılığına səbəb olub. Məlumatda o da bildirilir ki, ittifaqa ayrılan vəsaitlərin şəffaf xərclənməməsi, xüsusilə də Leyla Məmmədovanın (Mingəçevir şəhər Mədəniyyət Həmkarlar İttifaqının sədri) bu vəsaitləri şəxsi istəklərinə uyğun xərclədiyi iddiası bəzi əməkdaşlarda narazılıq və inamsızlıq yaradıb.
Qeyd edək ki, məsələ ilə bağlı xəbər saytımızda və sosial şəbəkə hesablarımızda yayımlanan silsilə materiallardan sonra bir sıra mədəniyyət işçiləri bizimlə əlaqə saxlayaraq bu yazılardan əvvəl baş verən hadisələrdən xəbərsiz olduqlarını bildiriblər. Məsələnin ictimaiyyətə çatdırılmasından sonra redaksiyamıza təşəkkür edənlərin də sayı az deyil.