Xaldan kənd məktəbində “Ağacəkmə və Torpaq Mühafizəsi” mövzusunda təlim keçirilib
Xaldan kənd Kompleks Tam Orta Məktəbində Elm və Təhsil Nazirliyinin 8-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Eko Könüllülərlə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” layihəsi çərçivəsində “Ağacəkmə və Torpaq Mühafizəsi” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Təlimin məqsədi şagirdlərə ekosistemin qorunması, ağacların ətraf mühitə verdiyi faydalar və torpağın eroziyadan mühafizəsi ilə bağlı bilik və bacarıqlar aşılamaqdan ibarət olub.

Təlim Mingəçevir Dövlət Universitetinin müəllimi, ekoloji təlimçi Şəbnəm İslamova tərəfindən aparılıb. Təlim zamanı şagirdlər aşağıdakı mövzular üzrə məlumat əldə ediblər:

- Ağacların ekosistemə və insan sağlamlığına təsiri;
- Torpaq eroziyasının qarşısının alınması üsulları;
- Düzgün ağacəkmə texnikaları və fidanlara qulluq qaydaları;
- Yaşıllıqların ekoloji dayanıqlığa verdiyi töhfələr.

Təlimin praktiki hissəsində şagirdlər müəllim və könüllülərin rəhbərliyi ilə məktəbin ərazisində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.

Onlar fidanların düzgün əkilməsi və becərilməsi prosesini öyrənməklə yanaşı, ekoloji təşəbbüslərdə fəal iştirak etməyin əhəmiyyətini də dərk ediblər.

Qeyd edək ki, layihənin rəhbəri Vüsalə Qasımovadır. Layihə çərçivəsində yaradılan EKO-Park məktəb icmasının ekoloji şüurunun artırılmasına və yaşıl ərazilərin genişləndirilməsinə xidmət edir.
