Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində Azərbaycan mədəniyyəti üçün əlamətdar bir hadisə baş verib. Paytaxtdan kənarda yaradılan ilk və hələlik yeganə müstəqil teatr – Mingəçevir Modern Teatrı (MMT) fəaliyyətə başlayıb.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə yaradılan teatr özəl təşəbbüs əsasında fəaliyyət göstərir. Aradan cəmi 5 ay keçməsinə baxmayaraq, Mingəçevir Modern Teatrı artıq səhnədə öz sözünü deməyə başlayıb.

Belə ki, 20 Yanvar faciəsinə həsr olunmuş Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırlanan “Şahidlər” adlı tarixi-teatral kompozisiya tamaşaçılara təqdim olunub. Tamaşa Mingəçevir Dövlət Dram Teatrının quruluşçu rejissoru, yeni teatrın təsisçisi və bədii rəhbəri, Prezident mükafatçısı, “Tərəqqi” medallı rejissor Cavid Təvəkkül və ikinci rejissor İbrahim Türksoy tərəfindən səhnələşdirilib.

Anım tədbiri iştirakçılar tərəfindən böyük maraq və duyğularla qarşılanıb. Aktyorların yüksək peşəkarlıqla ifa etdikləri rollar tamaşaçılarda dərin emosional təsir yaradıb.

 

Qeyd edək ki, Mingəçevir Modern Teatrı artıq gənclərin yaradıcılıq məkanına çevrilib. Teatr təkcə peşəkar aktyorlar üçün deyil, həm də yaradıcılıq potensialı olan gənclərin inkişafı üçün geniş imkanlar yaradır. Burada orta məktəb şagirdləri, abituriyentlər, tələbələr və aktyorluğa marağı olan bütün yaş qruplarından olan şəxslər iştirak edə bilərlər.

Rejissor Cavid Təvəkkül bildirib ki, teatrın fəaliyyət dairəsini genişləndirmək və yeni yaradıcılıq layihələri həyata keçirmək üçün işlər davam etdirilir. Onun sözlərinə görə, bu istiqamətdə Mədəniyyət Nazirliyi və digər qurumların dəstəyinə ehtiyac var.

Mingəçevir Üzeyir Hacıbəyli adına Musiqi Məktəbinin rəhbəri Vüsal müəllim və Mingəçevir Dövlət Dram Teatrının direktor əvəzi Şəlalə xanım teatra mümkün dəstəyi göstəriblər.

20 Yanvar faciəsinə həsr olunmuş tamaşada rol alan aktyorlar Mingəçevir Modern Teatrının təşəkkürnaməsi ilə təltif olunublar.

Sonda bildirmək istəyirik ki, Mingəçevir Modern Teatrının yarandığı gündən etibarən fəaliyyətini davamlı şəkildə işıqlandıran media nümayəndəsi Esmira Hidayətovaya teatr rəhbərliyi tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olunub. Qeyd edilib ki, media dəstəyi teatrın tanıdılması və fəaliyyətinin geniş auditoriyaya çatdırılması baxımından mühüm rol oynayır.

Tədbir zamanı çıxış edən Cavid Təvəkkül qeyd edib ki, teatrın yaradılmasında əsas məqsəd gəncləri sənətə cəlb etmək və Mingəçevirin mədəni mühitini daha da zənginləşdirməkdir:

“Mingəçevir böyük yaradıcılıq potensialına malik bir şəhərdir.”

Esmira Hidayətova, Mingəçevir