Mingəçevir şəhərinin mərkəzində yerləşən bazarın qarşısı uzun illərdir ki, antisanitar və nizamsız vəziyyətdədir. Xırda alverçilərin səliqəsiz fəaliyyəti ətrafı dağınıq və tıxaclı bir məkana çevirib, avtomobillərin hərəkətinə mane olur.
Amma görünən odur ki, şəhər sakinləri üçün açıq-aşkar olan bu problem Mingəçevir şəhər bələdiyyəsinin diqqətindən tamamilə yayınıb. Hətta həyatda peykdən belə aydın görünən ərazi, sanki seçilmiş orqanlar üçün “görünməz” olub.
Mingəçevir şəhər bələdiyyəsi üçün bu problem sadəcə görünməz deyil, bəlkə də bu kimi problemləri görməyə nələrsə mane olur. 12.01.2026-cı il tarixində keçirilmiş bələdiyyənin hesabat iclasında, görəsən, bələdiyyə yalnız gördüyü işlərdən danışıb, yoxsa görmədiyi və ya görüb göz yumduğu pozuntulardan da hesabat verib? Yəqin ki, etməyib. Amma biz, şəhər sakinləri olaraq, görmədikləri işləri və qanunsuz vəziyyətləri diqqətinizə çatdırmağa davam edəcəyik.
Qanunvericiliyə görə, bələdiyyələr şəhər ərazilərində nizam-intizamın, ictimai təhlükəsizliyin və sanitar vəziyyətin qorunmasına cavabdehdir. Antisanitar və nizamsız vəziyyət yalnız estetik problemi deyil, həm də ictimai sağlamlıq və avtomobil hərəkəti üçün təhlükə yaradır. Buna baxmayaraq, Mingəçevir şəhər bələdiyyəsi və onun sədri Anar İsmayılov bu vəzifələri yerinə yetirməməkdə davam edir, laqeydlik göstərir.
Şəhər sakinləri isə hər gün eyni ssenarini yaşamaqla qalır – nizam-intizam yox, səliqəsizlik və qanunsuzluq. Bələdiyyə isə sükutunu qoruyur və məsuliyyətini görməzliyə vurur.