xeberler
Xeberler » Mais Barxudarovun korpusunda kəlbətinlə əti qoparılanlar, dırnağı çıxarılanlar… 

Mais Barxudarovun korpusunda kəlbətinlə əti qoparılanlar, dırnağı çıxarılanlar… 

Mais Bərxudarovun korpusunda kəlbətinlə ətləri qoparılanlar, mismar çıxarılanlar...

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə məhkəmələr davam edir. İşlərə Bakı Hərbi Məhkəməsinin  hakimləri baxır. Məhkəmə iclasına həmin məhkəmənin sədr əvəzi Zeynal Ağayev sədrlik edir. 

Hazırda məhkəmə işgəncədə iştirak etdiyi iddia olunan iki qrupun cinayət işini araşdırır. Bunlardan biri dörd, digəri beş nəfərdən ibarət qrupdur. Dörd nəfərlik qrupda zərərçəkmiş dindirmələri iki həftədir başlayıb. Hazırda barəsində material təqdim etdiyimiz beş nəfərlik qrupun məhkəmə baxışı isə yeni başlayıb. Hazırkı qrup üzvləri Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov və daha dörd nəfərdən – snayper bölüyünün komandiri Ziya Kazımov, Təhqiqat bölməsinin rəis müavini olmuş Rahib Məmmədov, İntiqam Məmmədov və Ülvi Rəşidovdur. İşgəncələrinsə general Mais Barxudarovun komandiri olduğu 2-ci korpusun hərbi hissələrində verildiyi iddia edilir. 

Vəsatətlər 

Təqsirləndirilən şəxslər Ülvi Rəşidovla Ziya Kazımov ev dustaqlığındadır. Digərləri həbsdədir. Məhkəmə baxışı başlayan kimi Bəkir Orucovla Rahib Məmmədov da vəsatət qaldırıblar, barələrindəki həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəz olunmasını istəyiblər. Rahib Məmmədov vəsatətini belə əsaslandırıb: “İki övladım var. Bu yaxınlarda üçüncü övladım dünyaya gələcəkdi, ancaq hamiləliyin 9-cu ayında həyat yoldaşım körpəni itirdi. Adını Atilla qoyacaqdım, mən həbsdə olduğumdan qohumlarım kəfənləyib, dəfn elədi. Kaş ki, əsir düşəydim, bu günləri görməyəydim. Mənim bu məsələlərdə heç bir təqsirim yoxdur. Vəziyyətim çox ağırdır, xahiş edirəm, məni ev dustaqlığına buraxın, vəsatətimi təmin edin”. 

Sonra Bəkir Orucov vəsatət verib. O, deyib: “Məhkəmənin ədalətli keçəcəyinə inanıram. Özümü təqsirli bilmirəm. Məhkəmədən də yayınmayacağam. Heç kim deyə bilməz ki, Bəkir Orucov mənə işgəncə verib, yaxud da işgəncəyə göstəriş verib. Xahiş edirəm, ev dustaqlığına buraxın, gəlib-gedim, normal şəkildə müdafiəmi həyata keçirim”. 

Bəkir Orucov – Açıq mənbələrdən götürülüb

Generalın vəkili: Müvəkkilimin həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir. Həm də Bəkir Orucov həbs olunmamışdan əvvəl dəfələrlə istintaqa çağırılıb və heç vaxt yayınmayıb, vaxtında gedib. Onun həbsdə saxlanması üçün əsas yoxdur. Onun işgəncələrdə iştirakı sübuta yetirilmir. Məhkəmənin hazırlıq iclasında da zərərçəkənlər dedilər ki, biz onu tanımırıq”.

Zərərçəkən: “Mənə işgəncə verəndə balamı, atamı düşünürdülər?” 

Zərərçəkənlərsə vəsatətin təmin olunmamasını istəyiblər. Zülfalı Niftəliyev deyib ki, onun bədəninə tok verilib, işgəncələr altında saxlananda övladının heç iki yaşı olmayıb: “Mənə işgəncələr veriləndə qızım 1 yaş 4 aylıq idi. Birinci qrup əlil olan atam mənim halımdan xəbər almaq üçün gələndə heç kim ona məlumat vermirdi. Mənim uşağım uşaq, atam ata deyildi? Vəsatət təmin olunmasın, hər kəs cəzasını alsın”. 

Zərərçəkən Zaur Əliyev də vəsatətə etiraz edib: “Bizləri doğrayıb tökəndə ata olduğunuz yadınıza düşmürdü? Bəs onda sizin atalarınız necə rahat yaşayırdı? Bizim ailələrimiz illərlə utanıblar kəndin içində sizin bizim başımıza açdığınız oyunlara görə. Mən özüm insult keçirmişəm. Bunlara görə mənim atam ölüb”.

Dövlət ittihamçısı Vüsal Mehrəliyev də vəsatətin təmin olunmamasını xahiş edib: “Hazırda həbsdə olanların barəsindəki həbs qətimkan tədbiri dəyişdirilsə, onlar azadlığa çıxsa, şahidlərə, zərərçəkmişlərə təsir göstərə bilərlər”, – prokuror vəsatətini belə əsaslandırıb. 

Hakim təqsirləndirilən şəxslərin vəsatətini təmin etməyib. 

Sonra təqsirlənidirilən şəxslərdən biri İntiqam Məmmədov məkəməyə bildirib ki, ailə üzvləri ilə telefon və görüş qadağaları hələ də götürülməyib: “İstintaq dövründə görüş və telefon danışığına qadağa qoyulmuşdu. Bunu başa düşdüm. İstintaq başa çatandan sonra aradan qaldırıldı. Məhkəmənin qərarıyla DTX-dan Bakı İstintaq Təcridxanasına köçürüldüm. Amma yenə də telefon danışığı hüququm bərpa olunmayıb. Yəni qərar var, amma icra olunmur. İcra olunmayacaqsa, nəyə lazımdır? Vəkilə belə, zəng eləyə bilmirəm. Bu məsələ həll olunmasa, məhkəməyə gəlməyəcəm”.

Hakim Zeynal Ağayev deyib ki, məsələ araşdırılacaq. 

Dəhşətli işgəncələrdən bəhs edən ittiham aktı 

Sonra hakim sözü ittiham aktını elan etməsi üçün dövlət ittihamçısına verib. 

İttihama görə, bir-birlərinin əleyhinə ifadələr vermələri üçün xeyli sayda hərbçiyə müxtəlif ağır işgəncələr verilib. Nəticədə işgəncə alanlardan biri – leytenant Adil Sabirli dalağı partlması və qan itirməsinə görə həyatını itirib. 

İttiham aktında qeyd olunub ki, ən çox kəlbətinlə dırnaqların çıxarılması, ətin qoparılması, çəlləklərdə suda boğulma, bədənə elektrik cərəyanı verilməsi, sellofanın yandırılıb bədənə tökülməsi kimi işgəncə üsullurından istifadə olunub. 

İttiham aktının elanı bitdikdən sonra hakim sözü təqsirlənirilən şəxslərə verib. Onlar itihamlar üzrə özlərini təqsirli bilməyiblər və hazırkı mərhələdə ifadə vermək istəməyiblər. Ona görə də hakim zərərçəkmişlərin ifadəsinin başlanması barədə qərar verib. İlk ifaadə verən zərərçəkənsə Beyləqandakı N saylı hərbi hissənin həmlə taborunda xidmət etmiş, hazırda təqaüddə olan baş çavuş Zaur Əliyev olub: “Bizi ezamiyyət adıyla apardılar. Maskalılar töküldülər, bizi soyundurdular. O vaxta qədər artıq «Tərtər söhbəti»ni eşitmişdik, ona görə şübhə yarandı ki, başımıza nələr gələcək. Mən Birinci Qarabağ Müharibəsində, Aprel döyüşlərində, İkinci Qarabağ müharibəsində iştirak eləmişəm. Düşmənin arxasına keçməmişdən əvvəl sonuncu dəfə evlə danışıb sağollaşanda uşağım koma vəziyyətində olub. O vəziyyətdə ailəmi qoyub gedən adam olmuşam. Mən vətənimə xəyanət edənəm? Biz 13 nəfərin adını qərəzdən həmlə komandirimiz vermişdi. Niyə məsuliyyətə cəlb olunmayıb o? Düzü, mənə qarşı amansız işgəncələr olmadı. Mənə inandılar. Amma dəlikdən gördüm ki, adamların başına nə oyunlar açırlar. Generaldan şikayətim yoxdur. O, mənim cənab generalımdı. Nə vaxt qəbulunda olmuşam, istər xidmətlə bağlı, istər şəxsi məsələlərlə bağlı, həmişə kömək eləyib. Kim nə görüb, deyə bilmərəm. Bizi o vaxt taksi sürücüləri mindirmirdilər ki, vətən xainisiz. Leytenantımızı avtobusdan vurub salmışdılar”.

Zaur Əliyev bildirib ki, bütün işgəncələr Hərbi Prokurorluğun əməkdaşlarının gözü qarşısında baş verib. O, Hərbi Prokurorluqdan da şikayətçi olduğunu dilə gətirib.  

“Mais Barxudarov dedi, aparın, ağlı başına gəlsin” 

Sonra zərərçəkən Orxan Səfərov ifadə verib. Deyib ki, işgəncələr  nəticəsində hərəkət qabiliyyətini itirib, ona görə də qoltuq ağacının köməkliyi ilə yeriyə bilir: “Mən onda manqa komandiri idim. Postdan düşürüb, korpus komandiri Mais Bərxudarovun yanına apardılar. Mənə qayıtdı ki, neçə nəfər düşmənə işləyirsiz? Dedim, elə şey yoxdur. Göstəriş verdi ki, aparın, ağlı başına gəlsin. Qolumu burdular, gözümü bağlayıb apardılar. Ondan sonra işgəncələr başladı. İşgəncələr çox amansız idi. Sellofanı yandırıb kürəyimə tökürdülər, kəlbətinlə dırnaqlarımı çıxarmışdılar, ətimi qoparmışdılar. İşgəncələr bir həftədən çox davam elədi”. 

Mais Bərxudarov – Açıq mənbələrdən götürülüb

Hakim zərərçəkəndən işgəncə verənlərdən hazırda təqsirləndirilən şəxslərin arasında olub-olmadığını soruşanda dedi ki, Ziya Kazımovla  Ülvi Rəcəbovu görüb: “Ancaq mənə əsasən İlkin Ağazadə işgəncə verib. General Bəkir Orucovusa bizi çölə atanda görmüşəm. Qışqıra-qışqıra söyüş söyürdü, təhqir edirdi. Onda məni elə vəziyyətə salmışdılar ki, bircə gözlərim baxırdı. 

Təqsirləndirilən şəxs Ziya Kazımov: – Mənimlə bağlı hissədə yalan danışır. 

Sonra zərərçəkən Zülfalı Niftəliyev ifadə verib. O da işgəncələrdən danışıb.  Deyib ki, ilk iki günü möhkəm döyülüblər: “Əllərimiz bağlı, oturduğumuz yürdə üzümüzə bir təpik vuruldu… O təpiyi vuran polkovnik sonradan şəhid oldu. Betonun üstündə yatırdıq. Başımızı bir-birimizin ayağının üstünə qoyurduq ki, yerə dəyməsin”. 

Zərərçəkən məhkəməyə deyib ki, işgəncələr altında olanda ondan ifadəni Rahib Məmmədov alıb, Bəkir Orucov tərəfindənsə söyülərək təhqir olunub. Rahib Məmmədov zərərçəkənin dediyini təkzib edib və ondan ifadə almadığını bildirib. 

Bu iş üzrə növbəti məhkəmə iclası aprelin 20-də davam edəcək. Yenə zərərçəkənlər dindiriləcək. 

9 ildən 20 ilədək…  

Təqsirləndirilən şəxslərdən Bəkir Orucov, Ziya Kazımov, Ülvi Rəşidova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər),  341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələrilə ittiham irəli sürülüb. İntiqam Məmmədov və Rahib Məmmədovda 126.3 maddəsi yoxdur. Lakin İntiqam Məmmədov həm də CM-in 178-ci maddəsilə – dələduzluqda ittiham edilib. Cinayət işinin materiallarında iddia olunur ki, o, Arzu Həşimova adlı qadını işə düzəltmək, onun ərini xidmət yerini dəyişmək adıyla aldadaraq, pulunu alıb.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxslərə izah edib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Bu iş üzrə 62 zərərçəkmiş, 21 şahid var. 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Xeberler

Şərh yaz

Follow us

Don't be shy, get in touch. We love meeting interesting people and making new friends.

Most popular

Most discussed