Qadınlar cəmiyyəti həssas təbəqələri unutmadı

0
IMG-20250607-WA0055

Qurban Bayramı münasibətilə ölkəmizin hər yerində qurbanlar kəsilir, Vətənimizin inkişafı, xalqımızın rifahı və dövlətimizin qüdrəti naminə dualar edilir, müqəddəs şəhidlərimizin ruhuna ehtiramla xatirələr ünvanlanır. Bu mənəvi dəyərlərlə zəngin gündə hər bir vətəndaş həmrəyliyi, yardımlaşmanı və mərhəməti daha dərindən hiss edir.

“Azərbaycan Qadınlar Respublika Cəmiyyəti” İctimai Birliyinin Mingəçevir şəhər təşkilatı da bu ali dəyərlərə sadiq qalaraq, hər zaman olduğu kimi, bu bayramda da cəmiyyətin həssas təbəqələrini unutmadı. Təşkilat tərəfindən aztəminatlı ailələrə və yardıma ehtiyacı olan insanlara bayram münasibətilə qurban payları çatdırıldı.

Cəmiyyətin sədri Adilə Cəlilova bütün xalqımızı müqəddəs Qurban Bayramı münasibətilə təbrik edərək, Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhid oğul və qızlarımızın ruhuna rəhmət dilədi. O bildirdi ki, bu gün dilə gətirdiyimiz dualar, etdiyimiz niyyətlər Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı və dövlətimizin əbədi müstəqilliyi üçündür.

Adilə xanım çıxışı zamanı vurğuladı ki, ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu tolerant və multikultural Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sülh, sabitlik və tərəqqi yolunda inamla irəliləyir. İslam dininin bəşəri dəyərlərinə sadiq qalan xalqımız Qurban Bayramını yalnız dini ayin kimi deyil, həm də mərhəmət, həmrəylik və saf niyyətlərin təntənəsi kimi qeyd edir.

Adilə Cəlilova bu xeyirxah təşəbbüsə dəstək göstərən şəxslərə də xüsusi təşəkkürünü bildirdi. O, Mingəçevirin tanınmış iş adamı və xeyriyyəçisi hacı Vüsal Əlibəyliyə, “Qədiroğlu” marketlər şəbəkəsinin rəhbərliyinə, millət vəkili Aydın Mirzəzadəyə və “Təndir çörək” müəssisəsinin rəhbəri Ruslan müəllimə dərin minnətdarlığını ifadə etdi. Onların dəstəyi sayəsində bir çox ailələrin evinə bayram sevinci, könüllərinə isə ümid işığı doldu.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir