Nazir tərəfindən Mingəçevir polis əməkdaşları təltif olundu
Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə daxili işlər orqanlarında xidmət edən əməkdaşların əməyinə yüksək qiymət verildi. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, xidmətdə əldə etdikləri uğurlu nəticələr, cinayətkarlığa — o cümlədən onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə göstərdikləri fəallıq, qarşıya qoyulan vəzifələrin icrasında fərqləndiklərinə görə bir sıra əməkdaşlar təltif olunub.

Əmrə əsasən, ictimai asayişin qorunması, vətəndaşların qanuni mənafelərinin müdafiəsi, insan hüquq və azadlıqlarının təmin olunması sahəsindəki peşəkarlıqlarına, eləcə də beynəlxalq əhəmiyyətli tədbirlər zamanı təhlükəsizliyin və asayişin təmin olunmasında xüsusi xidmətlərinə görə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Əliyev Ədalət Yunis oğlu “Təşəkkür”lə təltif edilib.
Bundan əlavə, şöbənin digər əməkdaşları da diqqətdən kənarda qalmayıb. Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Anar Mübariz oğlu Qədimov və istintaq bölməsinin müstəntiqi, polis kapitanı Nurlan Eldəniz oğlu Yusifov da peşəkar fəaliyyətlərinə görə “Təşəkkür” elan olunub.

“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, Post-patrul xidməti bölüyünün komandiri, polis mayoru Ağagül Bahadur oğlu İsmayılova isə “polis polkovnik-leytenantı” xüsusi rütbəsi verilib.
Həmçinin, Qeydiyyat məsələləri qrupunun baş inspektoru, polis mayoru Zaur Ələm oğlu Məmmədov Daxili İşlər Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olunub.
Bu təltiflər, Azərbaycan polisinin peşəkarlığını və cəmiyyətin təhlükəsizliyi naminə göstərdiyi əzmkar xidmətləri bir daha təsdiqləyir.
Esmira Hidayətova, Mingəçevir