Mingəçevirin H.Əliyev Parkında Abadlıq və Yaşıllaşdırma İşləri Görülüb
Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi tərəfindən şəhərin əsas istirahət məkanlarından biri olan Heydər Əliyev parkında geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.

Görülən işlər çərçivəsində parkın 400 kvadratmetr sahəsində köhnəlmiş qazon örtüyü tamamilə çıxarılıb və yerinə yeni, təbii qazon döşənib. Bu yenilənmə parkın ümumi estetik görünüşünün yaxşılaşdırılmasına mühüm töhfə verib.

Eyni zamanda park ərazisində yerləşən şüşəli fəvvarədə də təmir-bərpa işləri aparılıb. Fəvvarənin zədələnmiş hissələri təmir olunaraq, ümumi struktur yuyulub və təmizlənib. Ulu öndər Heydər Əliyevin parkdakı abidəsi və onun ətraf mühiti də yuyularaq təmiz vəziyyətə gətirilib.

Parkın ümumi baxımı çərçivəsində ot biçimi və suvarma işləri həyata keçirilib, bəzək kolları budanaraq qaydaya salınıb. Bu işlər parkın həm ekoloji, həm də estetik baxımdan daha cəlbedici görünməsinə şərait yaradıb.

Şəhər sakinləri yaşıllaşdırma və abadlıq işlərinə görə Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsinin əməkdaşlarına təşəkkür edirlər. Onların əməyi nəticəsində şəhər daha gözəl, gül-çiçək içində görünür.
Bütün bu görülən işlər prezident İlham Əliyevin Mingəçevirə diqqət və qayğısının bariz nümunəsidir.
Esmira Hidayətova, Mingəçevir