Mingəçevirdə yaşayış binalarının fasadları yenilənir – Şəhərdə abadlıq işləri davam edir
Mingəçevir şəhərində əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmaqdadır. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən 2024-cü il ərzində bir sıra yüksəkmərtəbəli binalarda genişmiqyaslı cari təmir və abadlıq işləri həyata keçirilib. Layihə Mingəçevir Şəhər İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə baş tutub.

Bu barədə məlumat verən Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Ramiz Hüseynov bildirib ki, əvvəlcə müvafiq tender proseduru təşkil olunub, qalib şirkət müəyyən edildikdən sonra təmir işlərinə start verilib.

Nəticədə A.Məmmədov küçəsi 3a, 5, 5a, 7, 8/1, 8/2, 8/3, 8/4, 8/5, 10; Nizami küçəsi 15; 20 Yanvar küçəsi 6b, eləcə də Üzeyir Hacıbəyov küçəsi 2, Heydər Əliyev prospekti 1/2 və Məhsəti küçəsi 3 ünvanlarında yerləşən yaşayış və yataqxana binalarının fasad və giriş hissələri əsaslı şəkildə təmir olunub.

Rəisin sözlərinə görə, tender zamanı formalaşmış qənaət vəsaiti hesabına ilin sonunda əlavə 5 binada da cari təmir işləri aparılıb. Bu, həm dövlət vəsaitinin səmərəli istifadəsinin göstəricisi, həm də Mingəçevir şəhərində aparılan abadlıq işlərinin ardıcıl və planlı şəkildə həyata keçirildiyini sübut edir.

Bunlarla yanaşı, M.Maqomayev prospekti 12 və 14, Rəsul Rza küçəsi 25, M.Ə.Sabir küçəsi 1 və 3 saylı binaların da fasad və giriş hissələri yenilənib, müasir tələblərə uyğunlaşdırılıb. Binaların girişlərinə yeni seyf qapılar, pəncərə sisteminə isə enerjiyə qənaət edən plastik çərçivəli pəncərələr quraşdırılıb. Bu dəyişikliklər yalnız estetik baxımdan deyil, həm də təhlükəsizlik və enerji səmərəliliyi baxımından əhəmiyyətlidir.

Hazırda 2025-ci ilə nəzərdə tutulan təmir proqramı çərçivəsində Şəhriyar küçəsi 3, M.Maqomayev prospekti 8 və 10, R.Rza küçəsi 18 ünvanlarında yerləşən binalarda fasad və giriş hissələrinin yenilənməsi davam edir.
Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin əməkdaşları bununla kifayətlənməyərək, binalarda həşəratlara qarşı mütəmadi dezinfeksiya işləri aparır, zirzəmi və günlüklər təmizlənir, yağış sularının sızdığı dam örtükləri bərpa olunur, su novları təmizlənir. Həmçinin, binaların qarşısında yerləşən uşaq və idman meydançaları, oturacaqlar, zibilliklər və yaşıl zonalar da təmir olunur və abadlaşdırılır.
Bu işlər şəhərin ümumi abad görünüşünü artırmaqla yanaşı, vətəndaşların gündəlik yaşayış şəraitinin daha təhlükəsiz və rahat olması üçün vacibdir. Sakinlər aparılan təmir və abadlıq işlərindən məmnunluqlarını ifadə edərək, bu istiqamətdə görülən tədbirlərin davamlı olmasını arzulayırlar.

Mingəçevir şəhərində aparılan bu cür yenidənqurma tədbirləri şəhərin simasının yenilənməsinə, infrastrukturun müasirləşməsinə və ictimai məmnuniyyətin yüksəlməsinə xidmət edir.
Esmira Hidayətova, Mingəçevir