Mingəçevirdə qanunsuz küçə ticarətinə qarşı reyd keçirildi

0
9ed1dbe2-87e2-4124-a3e6-a2a922952289

 

Şəhərin mərkəzi bazar ətrafında aparılan tədbirlər zamanı səkiləri zəbt edən və antisanitar vəziyyət yaradan satıcılara qarşı tədbirlər görüldü

Mingəçevir Şəhər Polis Şöbəsi və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərin ümumi görünüşünə, sanitariya-gigiyenik vəziyyətinə mənfi təsir göstərən və piyadaların sərbəst hərəkətini məhdudlaşdıran qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reyd təşkil olunub.

Tədbirlər əsasən şəhərin mərkəzi bazar ətrafında həyata keçirilib. Səkiləri zəbt edərək piyadaların hərəkətinə maneə yaradan və küçələrdə nəzarətsiz şəkildə ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə izahedici söhbətlər aparılıb. Onlara yalnız icazə verilmiş ərazilərdə ticarət etməyin vacibliyi izah edilib.

Reyd zamanı bəzi hallarda texniki sularla hazırlanan rəngli içkilərin satışa çıxarıldığı, suvarma su xəttindən qanunsuz istifadə edildiyi və elektrik enerjisinin yeraltı kabellərlə qeyri-qanuni şəkildə obyektlərə çəkildiyi aşkar olunub. Bu cür halların qarşısı alınıb, qurğular sökülərək ərazi aidiyyəti qurumlar tərəfindən təmizlənib və səliqə-sahman yaradılıb.

Qeyd olunan qanun pozuntuları ilə bağlı digər satıcılara da xəbərdarlıq edilib. Hüquq-mühafizə orqanları bu cür hallar təkrarlandığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi (qanunsuz küçə ticarəti) əsasında inzibati tədbirlər görüləcəyini bildiriblər.

Şəhər rəhbərliyi və hüquq-mühafizə orqanları bildirir ki, bu istiqamətdə reydlər davamlı olacaq və şəhərdə qanunçuluğun təmin olunması üçün tədbirlər sistemli şəkildə həyata keçiriləcək.

Esmira Hidayətova, Mingəçevir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir