Mingəçevirdə “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə 27 may 2025-ci il tarixində Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbində 28 May – Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” adlı bayram tədbiri keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, şəhər ictimaiyyəti, valideynlər, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.

Tədbirin açılışında çıxış edən məktəbin direktoru Azərbaycanın dövlətçilik tarixindən, müstəqilliyin xalqımız üçün nə qədər müqəddəs dəyər olduğundan bəhs edib.

O, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik respublika olduğunu vurğulayıb və bu tarixi hadisənin müasir müstəqil Azərbaycan dövlətinin bünövrəsi olduğunu qeyd edib.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan xalqının əsrlər boyu azadlıq uğrunda apardığı mübarizədən,

1991-ci ildə dövlət müstəqilliyimizin bərpa olunmasından və bu müstəqilliyin qorunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz öz suverenliyini daha da möhkəmləndirir, iqtisadi, siyasi və mədəni sahələrdə böyük uğurlar əldə edir.

Daha sonra məktəbin şagirdləri tərəfindən hazırlanan bədii proqram təqdim olunub. Proqram çərçivəsində şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda musiqi nömrələri ifa olunub, milli rəqslər və qısa səhnəciklər nümayiş etdirilib. Şagirdlərin çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və onlara Vətənə sevgi və qürur hissi aşılayıb.

Sonda tədbir iştirakçıları Azərbaycanın müstəqilliyinin daim qorunacağına və gələcək nəsillərə əmanət ediləcəyinə inamlarını ifadə ediblər.

Belə tədbirlərin keçirilməsi gənc nəslin milli kimliyinin formalaşması və vətənpərvərlik ruhunun güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.