Mingəçevirdə lisey rəhbərliyindən ictimaiyyətə müraciət
Açıqlama
Son günlər bəzi sosial platformalarda liseyimizlə bağlı yayılan iddialarla əlaqədar ictimaiyyətə rəsmi açıqlama verməyi zəruri hesab edirik.
Yayılan məlumatlarda səsləndirilən iddialar — dərslərdə davamiyyətin olmaması, rəhbərliyə guya qeyri-rəsmi ödənişlərin edilməsi, şagird nailiyyətlərinin saxtalaşdırılması və digər bu kimi fikirlər — tamamilə əsassız, reallıqdan uzaq və böhtan xarakterlidir. Bu cür iddialar hüquqi məsuliyyət yaradan əsassız ittihamlar olmaqla yanaşı, həm də təhsil ictimaiyyətini çaşdırmaq məqsədi güdür.
Qeyd etmək istərdik ki, liseyimizdə tədris prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə və Təhsil Nazirliyinin müvafiq normativ sənədlərinə uyğun şəkildə təşkil olunur. Davamiyyət, qiymətləndirmə, və şagird nailiyyətlərinə dair bütün məlumatlar yalnız rəsmi sənədlərlə əks olunur və şəffaflıq prinsipləri qorunur.
Təəssüflə bildiririk ki, bu cür sifarişli və davamlı xarakter daşıyan yazılar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir), 182-ci (hədə-qorxu ilə tələb etmə) və digər müvafiq maddələri üzrə hüquqi məsuliyyət doğurur. Bu səbəbdən, məsələyə hüquqi müstəvidə baxılması üçün müvafiq hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət olunmuş, mövcud sübut və materiallar aidiyyəti qurumlara təqdim edilmişdir.
Lisey rəhbərliyi olaraq bir daha bildiririk ki, təhsil müəssisəmizin nüfuzuna zərər vurmaq cəhdlərinə qarşı hüquqi çərçivədə ardıcıl tədbirlər görüləcəkdir.
İctimaiyyəti məsuliyyətli mövqe nümayiş etdirməyə və təsdiqlənməmiş, dezinformasiya xarakterli məlumatların yayılmasına alət olmamağa çağırırıq. Təhsilimizin, müəllimlərimizin və şagirdlərimizin nüfuzunu qorumaq bizim üçün prioritetdir və bu istiqamətdə həm hüquqi, həm də ictimai müstəvidə müvafiq addımlar atılacaqdır.
Hörmətlə,
Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin rəhbərliyi