Mingəçevirdə isti havalarda çimərliklərə axın artıb – Polis xidməti gücləndirilib

0
IMG-20250714-WA0072

Son günlər ölkə ərazisində müşahidə olunan rekord həddə çatan istilər Mingəçevirdə də öz təsirini göstərməkdədir. Temperaturun 40 dərəcəyə yaxınlaşması və günün böyük bir hissəsində hava şəraitinin dözülməz hal alması nəticəsində şəhər sakinləri və turistlər sərinlik axtarışında ictimai çimərliklərə üz tuturlar.

Mingəçevirin Kür çayı sahilində yerləşən çimərliklərdə sıxlıq son günlər xeyli artıb. Hər gün minlərlə insan burada istirahət etməyə, suda sərinlənməyə və isti hava şəraitindən qurtulmağa çalışır. Həm yerli sakinlər, həm də bölgəyə gələn turistlər üçün çay sahili adətən əsas istirahət məkanı rolunu oynayır.

Lakin əhalinin kütləvi şəkildə toplaşdığı yerlərdə təhlükəsizlik məsələləri ön plana keçdiyi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. İctimai asayişin qorunması, mümkün insidentlərin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə çimərliklərə gedən əsas yollarda və istirahət zonalarında əlavə polis qüvvələri yerləşdirilib.

k

Polis əməkdaşları yalnız nəzarət funksiyası ilə kifayətlənmir, həm də ehtiyac yarandıqda vətəndaşlara dərhal yardım göstərirlər. Xüsusilə uşaqlar və yaşlı insanlar diqqət mərkəzində saxlanılır, itkin düşmə və ya digər xoşagəlməz halların qarşısının alınması üçün əraziyə nəzarət patrul xidməti gücləndirilib.

Bundan əlavə, ictimai yerlərdə ictimai davranış qaydalarına riayət olunması, ətraf mühitin çirkləndirilməməsi və vətəndaşların qarşılıqlı hörmət çərçivəsində istirahət etməsi üçün profilaktik maarifləndirici tədbirlər də görülür. Polis əməkdaşları tərəfindən həm sakinlər, həm də gələn qonaqlarla mütəmadi ünsiyyət saxlanılır və təhlükəsizliklə bağlı xəbərdarlıqlar edilir.

Şəhər sakinləri və turistlər göstərilən xidmət və təhlükəsizlik tədbirlərindən razılıqlarını bildirirlər. Onların fikrincə, belə şəraitdə hüquq-mühafizə orqanlarının aktiv fəaliyyəti istirahətin daha rahat və təhlükəsiz keçməsinə imkan yaradır.

İsti hava şəraitinin yaxın günlərdə də davam edəcəyi gözlənildiyi üçün aidiyyəti qurumlar vətəndaşlara günün ən isti saatlarında birbaşa günəş altında qalmamağı, bol su qəbul etməyi, uşaqları nəzarətsiz buraxmamağı və təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirlər.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir