Mingəçevirdə daşınmaz əmlak bazarında qiymətlərdə artım …
Son vaxtlar Mingəçevirdə evlərin qiyməti qalxıb.

Şəhərdə yeni tipli yaşayış binalarında 1 otaqlı mənzil tapmaq isə müşkülə çevrilib.
“Hazırda köhnə tikili – Xruşovka tipli binalarda yerinə və mərtəbəsinə görə 1 otaqlı mənzillərin qiyməti 40-52 min manat arasında dəyişir. Yeni tikililərdə isə bu cür mənzillər çox azdır və onların qiyməti 48-60 min manat civarındadır”, – deyə şəhərdə əmlak bazarındakı vəziyyəti şərh edən təcrübəli alqı-satqı vasitəçisi Saləddin Baxşəliyev bildirib.Onun sözlərinə görə şəhərdə 2 və 3 otaqlı mənzillərin də qiymətlərində artım var.

Belə ki, köhnə binalarda 2 otaqlı mənzillər – 50-75 min manat, yeni binalarda 2 otaqlı mənzillər – 55-85 min manat, köhnə binalarda 3 otaqlı mənzillər – 80-90 min manat, yeni binalarda 3 otaqlı mənzillər – 100-130 min manata təklif olunur. O bildirib ki, bu qiymətlər Mingəçevir şəhəri üçün kifayət qədər yüksəkdir.
Torpaq alqı-satqısı və kirayə bazarında da sıxlıq yaşanır:

“Şəhərdə torpaq sahələrinin qiymətləri yerləşdiyi əraziyə görə dəyişir. Mərkəz və mərkəzə yaxın ərazilərdə 1 sot torpaq 20-25 min manat, kənar yaşayış massivlərində isə 10-35 min manat arasında təklif olunur.
Kirayə mənzil bazarında da vəziyyət oxşardır. Boş mənzillərin azlığı səbəbindən qiymətlər yüksəlib. Bir universitet və iki kollecin fəaliyyət göstərdiyi Mingəçevir tələbə şəhəri kimi tanındığından, bu sahədə tələbat daha da artıb”.
Alqı-satqı vasitəçilərinin sözlərinə görə, mənzilin yerləşdiyi ünvan və şəraiti qiymətə birbaşa təsir edir. Kirayə haqları 150-500 manat civarında dəyişir.
Mingəçevirdə son zamanlar daşınmaz əmlak qiymətlərinin kəskin artması ilə bağlı suallarımıza aydınlıq gətirən ekspert bildirib ki, bunun bir sıra sosial-iqtisadi və regional faktorlarla izah edə bilərəm deyib:
“ Aşağıda bu tendensiyanın əsas səbəblərini aydınlaşdırmağa çalışacam.

1. Təklif və tələbin balanssızlığı.
Mingəçevirdə əhali sayı sabit artsa da, yeni tikilən mənzillərin sayı bu artımı qarşılamır. Xüsusilə şəhərin mərkəzi və infrastrukturu inkişaf etmiş ərazilərində mənzilə olan tələbat yüksəkdir.
Rayonlardan şəhərə köç edənlər, eləcə də bölgə daxilində sosial statusu yüksəlmiş təbəqələrin şəhər daxilində mənzil almaq istəyi qiymətləri artırır.
2. İqtisadi stabillik və işsizlik səviyyəsinin aşağı olması.
Mingəçevirdə “Azərbaycan İES” (İstilik Elektrik Stansiyası), su elektrik stansiyası, toxuculuq sənayesi və digər müəssisələrin fəaliyyəti səbəbilə işsizlik səviyyəsi ölkə ortalamasından nisbətən aşağıdır.
Daimi gəliri olan təbəqə mənzilə investisiya kimi yanaşır — bu da daşınmaz əmlakın spekulyativ qiymət artımına səbəb olur.
3. Kirayə bazarının aktivliyi.
Mingəçevirdə ali təhsil müəssisəsi (Mingəçevir Dövlət Universiteti) fəaliyyət göstərir, eyni zamanda müxtəlif təlim mərkəzləri və işgüzar strukturlar da mövcuddur. Bu da kirayə mənzillərə tələbi artırır.
Kirayə gəliri əldə etmək məqsədilə mənzil alanlar bazara əlavə tələbat yaradır.
4. İnfrastruktur layihələri və şəhərin cazibədarlığı.
Şəhərdə yolların yenilənməsi, parkların abadlaşdırılması və digər infrastruktur layihələri Mingəçevirdə yaşamaq istəyini artırır.
Mingəçevirin Kür çayı sahilində yerləşməsi və turizm potensialı da şəhəri cazibədar edir.
5. Mənzil spekulyasiyası və daşınmaz əmlak bazarında şəffaflığın azlığı.
Bəzi hallarda tikinti şirkətləri və ya vasitəçilər süni şəkildə qiymətləri şişirdirlər.
Rəqabətli bazar mexanizmlərinin tam formalaşmaması, rəsmi qiymətlərlə real bazar qiymətləri arasındakı fərqlər bu artımı daha da qızışdırır”.
Esmira Hidayətova,Mingəçevir.