Mingəçevirdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu
Mingəçevir şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı genişmiqyaslı tədbir keçirildi.


Tədbirdə Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova, Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Mingəçevir Komitəsinin sədri Həqiqət Şahmuradova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aygün Fərruxova, mərkəzin müəllim və valideyn kollektivi iştirak edib.


Tədbirə uşaqların əl işlərindən ibarət sərgiyə baxışla start verildi. Ardınca mərkəzin musiqi müəllimi Elnarə Səmədovanın hazırladığı musiqili-əyləncəli proqram Dövlət Bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Bayram tədbirinə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin “Xarı Bülbül” ansamblının bədii rəhbəri Amil Həsənovun şagirdləri, musiqi məktəbinin “Qaytağı” ritm qrupunun bədii rəhbəri Diqqət Sadıqovun, “Piano” qrupunun şagirdləri və uşaqların sevimli kloun personajı rəngarəng musiqi nömrələri ilə xüsusi ab-hava yaratdılar.

Eyni zamanda tədbirdə mərkəzdə təhsil alan fiziki məhdudiyyətli uşaqların hazırladığı səhnəciklər, şeirlər və nəğmələr nümayiş olundu.

Tədbirdə çıxış edən Sevinc Həsənova, professor Veysəl Əyyubov və Aygün Fərruxova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışaraq uşaqlara sağlam, xoşbəxt və sülh içində bir həyat arzuladılar.

Onlar qeyd etdilər ki, bugünün uşaqları sabahın ümidi, cəmiyyətin gələcəyidir və onların üzündən təbəssüm heç zaman əskik olmamalıdır.

Tədbir çərçivəsində Sevinc Həsənova tədbir iştirakçılarına gül dəstələri və maarifləndirici nəşrlər təqdim edərək, uşaqlara göstərilən diqqət və qayğının cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğuladı.

Sonda Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Mingəçevir Komitəsinin sədri Həqiqət Şahmuradova musiqili tədbirin yüksək səviyyədə təşkilinə görə Elnarə Səmədovanı fəxri fərmanla təltif etdi.

Tədbir bir-birindən maraqlı musiqi nömrələri ilə davam etdi.

Esmira Hidayətova, Mingəçevir