Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbində “Şən ritmlər” konserti keçirilib
26 may 2025-ci il tarixində Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbində Xalq Çalğı Alətləri şöbəsinin müəllimi İlqar Orucovun rəhbərliyi ilə “Şən ritmlər” adlı nagara qrupunun konserti keçirilib.

Tədbirdə müəllimin yetirmələri – müxtəlif yaş qruplarından olan şagirdlər – səhnəyə çıxaraq nagara alətində ritmik və maraqlı kompozisiyalar ifa ediblər.

Gənc musiqiçilərin hazırladığı çıxışlar dinamikliyi, ritm duyumu və səhnə mədəniyyəti ilə seçilib. Bu konsert İlqar Orucovun pedaqoji fəaliyyətinin və şagirdlərinin il ərzində qazandığı ifaçılıq təcrübəsinin real göstəricisi olub.

“Şən ritmlər” konsert proqramı çərçivəsində xalq və milli musiqi nümunələrinin orijinal ritm interpretasiyaları təqdim edilib. Şagirdlərin sinxron ifası, nagaranın imkanlarının ritmik müxtəliflik baxımından nümayişi tədbiri daha da maraqlı və yaddaqalan edib. Musiqili proqram izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bundan əlavə, konsertin bir hissəsində digər xalq çalğı alətlərində ifalar da təqdim olunub. Tar, kamança və qaval kimi alətlərin müşayiətilə səsləndirilən əsərlər xalq musiqimizin zənginliyini və şagirdlərin geniş musiqi hazırlığını əks etdirib. Tədbirin əsas məqsədi milli musiqi alətlərini və ritm mədəniyyətini uşaqlar arasında təbliğ etmək, onların yaradıcılıq potensialını üzə çıxarmaq və gənc nəslə milli musiqi dəyərlərini aşılamaq olub.

Konsertdə məktəb rəhbərliyi, müəllim kollektivi, valideynlər və şəhər ictimaiyyəti nümayəndələri iştirak ediblər. Məktəbin rəhbərliyi çıxış edərək belə tədbirlərin şagirdlərin musiqi təhsilində, sosiallaşmasında və estetik zövqünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

Bu cür konsertlər həm uşaqların öz bacarıqlarını nümayiş etdirməsi, həm də milli musiqi irsimizin yaşadılması baxımından olduqca əhəmiyyətlidir. “Şən ritmlər” qrupunun uğurlu çıxışı bir daha göstərdi ki, Azərbaycan xalq musiqisinin gələcəyi etibarlı əllərdədir.

Azxeber.info kollektivi