Mingəçevir Dövlət Dram Teatrı 16 gündür rəhbərsizdir – kollektiv çıxış yolu axtarır
Mingəçevir Dövlət Dram Teatrında yaranmış rəhbərsizlik vəziyyəti teatr kollektivində ciddi narahatlığa səbəb olub. Artıq 16 gündür ki, teatr müvəqqəti rəhbərsiz fəaliyyət göstərir və bu, həm yaradıcı prosesə, həm də inzibati işlərə mənfi təsir göstərir.
“Aran Media”ya daxil olan məlumata görə, teatrın rəhbəri, Respublikanın Əməkdar Artisti İntiqam Soltan 2025-ci il mayın 1-də öz ərizəsi ilə direktor vəzifəsindən azad edilib. Lakin o vaxtdan bu günədək teatrın idarə olunması üçün heç bir şəxsə səlahiyyət verilməyib. Bu vəziyyət həm yaradıcı heyət, həm də texniki-inzibati əməkdaşlar arasında ciddi çaşqınlıq və narahatlıq yaradıb.
Teatrın əməkdaşları bildirirlər ki, hazırda onlar qeyri-müəyyən hüquqi mühitdə fəaliyyət göstərməyə məcbur olublar. İclaslar keçirilir, vəziyyət müzakirə olunur, amma ortada konkret qərar və ya yönləndirmə yoxdur. Nəticədə əməkdaşlar iş yerində vaxt keçirir, lakin qarşıya qoyulmuş məqsədlərin icrası mümkün olmur. Hətta rəhbərsizlik səbəbilə əmək haqlarının ödənilməsində də gecikmələrin baş verəcəyindən narahatlıqlar var.
Məsələ ilə bağlı teatr kollektivi Mədəniyyət Nazirliyinə də müraciət edərək narahatlıqlarını və mövcud vəziyyətlə bağlı gözləntilərini çatdırıb. Lakin bu müraciətə hələlik rəsmi cavab verilməyib. İncəsənət sahəsində çalışanlar hesab edirlər ki, belə vəziyyət təkcə teatrın daxili işinə deyil, eyni zamanda regionun mədəni həyatına da mənfi təsir göstərir. Mingəçevir Dövlət Dram Teatrı illərdir bölgədə sənət ocağı kimi fəaliyyət göstərir və bu cür boşluqlar onun nüfuzuna xələl gətirə bilər.
Teatr kollektivi ümid edir ki, yaxın günlərdə Mədəniyyət Nazirliyi məsələ ilə bağlı addım atacaq, müvəqqəti idarəetmə üçün səlahiyyətli şəxs təyin olunacaq və teatrda normal iş prosesi bərpa olunacaq. Hazırda isə sənət ocağı adını daşıyan bu məkan sanki öz taleyinə buraxılıb.