İcra Hakimiyyəti Başçısının Aprelin 10-da Keçirdiyi Səyyar Görüşdə Sakinlər Dinlənildi
Uşaq-Gənclər İnkişaf Mərkəzinin akt zalında təşkil olunan görüşdə İcra Hakimiyyəti başçısının aparatının məsul əməkdaşları, M.F.Axundov, Füzuli, S.Vurğun küçələrindən və digər ərazilərdən gələn sakinlər, Mingəçevir Bələdiyyəsinin, müxtəlif idarələrin, kommunal xidmət müəssisələrinin rəhbərləri və nümayəndələri, həmçinin mətbuat nümayəndələri iştirak ediblər.
Tədbiri açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cari ilin əvvəlindən etibarən şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verib.
Sakinlər çıxışlarında bəzi binalarda əsaslı təmirin vacibliyini, qoyulmuş kölgəliklərin ətrafında təmir işlərinə ehtiyac olduğunu, zirzəmilərdə qapıların olmamasını, havalandırma sistemlərinin çatışmazlığını, hündür ağacların yalnız küləkli və yağışlı günlərdə deyil, ümumilikdə binalar və pəncərələr üçün təhlükə yaratdığını, həmçinin işıqlandırma nöqtələrinin çatışmazlığı və zəifliyi kimi sosial məsələləri gündəmə gətiriblər.
Şəhər rəhbəri İlham İsmayılov mövcud problemlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verərək, bu işlərin sakinlərin iştirakı ilə yerində araşdırılmasını və məsələlərə ciddi yanaşılmasını tövsiyə edib.
