Hörmətli Mingəçevir şəhərinin sakinləri!

0
InShot_20250420_163332331

Sizi dərin ehtiram və səmimi hörmət hissi ilə salamlayırıq.

Mingəçevir şəhəri bu gün Azərbaycanın ən abad, təmiz və yaşamaq üçün ideal məkanlarından biri kimi tanınırsa, bu nailiyyətdə hər birinizin əvəzsiz rolu vardır. Bu gün şəhərimizin küçələrindəki səliqə-sahman, park və xiyabanlarımızdakı yaşıllıq, ictimai məkanlarımızdakı nizam-intizam – bütün bunlar məhz sizin məsuliyyətli yanaşmanızın, doğma yurda olan sevginizin və birgə əməkdaşlığımızın bəhrəsidir.

Qürur hissi ilə qeyd etmək istərdik ki, Mingəçevir “ən təmiz şəhər” adına layiq görülmüşdür. Bu yüksək qiymətləndirmə, hər bir sakinimizin şəhərinə göstərdiyi qayğının, vətəndaşlıq borcuna sadiqliyinin sübutudur. Bu uğur, təsadüfi deyil – bu, sizin gündəlik əməyinizin, qayğıkeş davranışınızın nəticəsidir.

Lakin şəhərimiz dinamik inkişaf mərhələsindədir. Mingəçevir Su Elektrik Stansiyasında həyata keçirilən irimiqyaslı layihələr, yeni yaşayış massivlərinin salınması və şəhərə digər bölgələrdən olan əhalinin axını səbəbindən infrastruktur sistemlərinə, o cümlədən təmizlik və yaşıllaşdırma xidmətlərinə olan yük əhəmiyyətli dərəcədə artmışdır. Bu dəyişikliklər, təəssüf ki, bəzi hallarda kommunal xidmətlərə olan dəstəyin azalması ilə müşahidə olunur.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin məlumatına əsasən, hal-hazırda təxminən 50.000 sakin göstərilən xidmətlərin ödənişini həyata keçirmir. Bu vəziyyət isə xidmətin davamlılığını təmin edən resursların azalmasına, texniki vasitələrin yenilənməsində, əməkdaşların əməkhaqlarının ödənilməsində və ümumi xidmət keyfiyyətində çətinliklərə yol açır.

Hörmətli vətəndaşlar, biz bu müraciəti sizə bir çağırış və eyni zamanda bir xahiş olaraq ünvanlayırıq. Şəhərimizin təmizliyi, gözəlliyi və inkişafı yalnız bələdiyyə və aidiyyəti qurumların deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Hər birimizin kiçik töhfəsi ümumi rifahımızın təminatına çevrilir.

Sizləri Mingəçevirin bu gününü və sabahını düşünərək daha məsuliyyətli olmağa, göstərilən xidmətlərin haqqını vaxtında və tam şəkildə ödəməyə çağırırıq. Unutmayaq ki, təmiz, abad və yaşıl bir şəhər – hər birimizin arzuladığı həyat tərzinin təməlidir.

Əminik ki, bu çağırışa laqeyd qalmayacaq, Mingəçevirin inkişafında birgə məsuliyyətimizi dərk edərək bu müqəddəs amal uğrunda birləşəcəyik.

Hörmətlə və ümidlə,

Azxeber.info informasiya portalı

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir