Əsl sənətin yaşı yoxdur – Əməkdar rəssam Rafael Haşımovun ömür tablosu

0
a71b02e3-9683-4825-9787-adfc18c00737

Əsl sənət adamlarının yaşı olmur. Onlar nə qədər yaşlı görünürlərsə görünsünlər, yaratdıqları əsərlərin nəfəsi qədər canlı, zaman qədər diri, gələcək qədər ümidlidir. Onların yaşı rəsmlərinin, obrazlarının, tamaşalarının yaşına bərabərdir — həm qədimdir, həm də gənc.

Belə sənət adamlarından biri də Mingəçevirdə doğulmuş və orada sənətini yaratmış Əməkdar rəssam, “Tərəqqi” medallı, “Qızıl Dərviş” mükafatçısı, həm Əfqanıstan, həm də Birinci Qarabağ müharibəsinin veteranı Rafael Haşımovdur. O, bu il 65 yaşını tamamlayır, lakin ruhunda nə bir yorğunluq, nə də sənətə qarşı soyuma hiss edilir.

 

Rafael Haşımov kimdir?

Azərbaycan teatr rəssamı Rafael Haşımov 28 yanvar 1959-cu ildə Mingəçevir şəhərində sənətkar ailəsində dünyaya gəlib. Atası Zeynal Haşımov şəhərin ilk qurucularından olmaqla yanaşı, həm də rəssam olub. Rafael də atasının sənət yolunu davam etdirib.

O, 1974-cü ildə Mingəçevir şəhər 1 nömrəli orta məktəbi bitirib, 1976-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1979-cu ildə təhsilini yarımçıq qoyaraq Əfqanıstana hərbi xidmətə yollanıb. Daha sonra 1981–1983-cü illərdə təhsilini davam etdirib və 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olunaraq 1989-cu ildə oranı bitirib.

Səhnənin səssiz qəhrəmanı

1990-cı ildən etibarən Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlayan Rafael Haşımov 2000-ci ildən təqaüdə qədər teatrın baş rəssamı olub. O, 100-dən artıq tamaşanın bədii tərtibatını verib. Onların arasında H.Cavidin “Afət”, “Ana”, M.Hüseynin “Cavanşir”, “Şeyx Şamil”, İ.Mərcanlının “Xocalı notları” kimi klassik və müasir əsərlər var. H.Cavidin “Ana” tamaşasına verdiyi tərtibat 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb.

Fəxri adlar, amma emalatxanasız sənətkar…

2013-cü ildə “Azərbaycan Respublikasının Əməkdar rəssamı” fəxri adına, 2018-ci ildə isə “Tərəqqi” medalına layiq görülən Rafael müəllim bu gün özünəməxsus bir dərd daşıyır: onun yaradıcılıqla məşğul olmaq üçün şəxsi emalatxanası yoxdur. Teatrda işlədiyi dövrdə ona məxsus olan otaq, pensiyaya göndərildikdən sonra əlindən alınıb.

 

Rafael müəllim deyir:

“65 yaşım tamam olan kimi teatrın keçmiş direktoru İntiqam Soltan məni işdən uzaqlaşdırdı. Halbuki teatrda hələ də 80 yaşa yaxın əməkdaşlar fəaliyyət göstərirlər. Bu, mənə münasibətdə ədalətsizlik idi. Əgər sənətə qiymət verən olsaydı, bu münasibətlə qarşılaşmazdım.”

Uğurlu yetirmələr və təmənnasız sənət sevgisi

Rafael Haşımovun onlarla yetirməsi var. Onlardan biri — Zeynəb xanım bu il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Rəssamın qapısı həmişə sənətə marağı olan gənclərə açıqdır. Xüsusilə şəhid ailələrinin övladlarına rəsmin sirlərini öyrətməkdən şərəf duyduğunu bildirir:

“Əgər yanıma gələn 8 şagirddən hər biri şəhid övladı olsa, mən onlara rəssamlığın bütün sirlərini təmənnasız öyrədərəm. Bu mənim borcumdur.”

Sistemin çatışmazlıqları və sənət təhsilindəki boşluqlar

Əməkdar rəssam təhsil sistemində texnologiya və təsviri incəsənət fənlərinə laqeyd yanaşılmasından da narahatdır:

“Orta məktəb şagirdlərinin bəziləri düz xətt belə çəkə bilmir. Rəsmə marağı olan, amma əsasları bilməyən uşaqlar çoxdur. Bu, təhsildə bu sahəyə kifayət qədər yer verilməməsindən irəli gəlir.”

 

Qabiliyyət imtahanları zamanı uşaqlara haqsızlıq edildiyini də qeyd edir:

“İmtahanlarda uşaqların həvəsi qırılır. Qol-qanadları sınır. Bu qədər ədalətsizlik olmaz axı…”

 

Yaradıcılıq eşqi bitməyən sənətkar

Rafael müəllim bu gün də yaradıcılıqdan uzaq deyil. Onun hələ çox planları var. Rəsm əsərlərini almaq istəyənlər də olub, amma təklif olunan qiymət onu qane etmədiyi üçün razılaşmayıb. Onun üçün maddi deyil, mənəvi dəyər daha önəmlidir.

“Vaxtımın böyük hissəsini uşaq və yeniyetmələrlə işləməyə həsr edirəm. İstəyirəm ki, Azərbaycan təsviri incəsənətinə yeni nəfəs gətirən gənc rəssamlar yetişsin.”

Hazırda fəaliyyət göstərdiyi məkan ona Aran Mədəniyyət İdarəsi tərəfindən təqdim edilib. O da minnətdarlıqla bildirir ki, bu dar məkan belə yaradıcılıq üçün yetərli olmasa da, o dayanmaq niyyətində deyil.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir