Bayram münasibətilə 112 şəhid və qazi övladlarına hədiyyələr təqdim edildi
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Şəhid M.Mirzəyev adına Dostluq parkındakı açıq səhnədə keçirilən tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər rəsmiləri, şəhid ailələrinin və qazilərin uşaqları, ictimaiyyət və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbir öncəsi qonaqlar ərazidə uşaqların, həmçinin müxtılif MİS-ləri təmsil edən uşaqların asfalt üzərindəki əl işləri ilə tanışlıq ediblər. İdmanın müxtəlif növləri üzrə yarışlarda qələbələr əldə edən qalib idmançılarla görüş maraqlı olub.

Açıq səhnədə Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif dərnəklərini təmsil edən uşaqların təqdim etdikləri kompozisiyalar, rəqs nümunələri, şeirlər, mahnı çələngləri alqışlarla qarşılanıb.

Uşaqları əziz gün münasibəti ilə təbrik edən İlham İsmayılov bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti Azərbaycana uzun illərdən sonra böyük Zəfər qazandırdı.

Siz uşaqlar azad və firavanlıq şəraitində böyüyürsünüz, Azərbaycanın bütün bölgələrində üçrəngli bayrağımız dalğalanır, suverenliyimiz bərpa olunub.

Şəhər rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açaraq qeyd edib ki, torpaqlarımızın azad olunması, yurdumuzun ərazi bütrövlüyünün təmin olunması yolunda misilsiz xidmətləri olan qazilərin, həlak olan şəhidlərin övladlarına daim qayğı göstərilir. Uşaqların sağlam və firavanlıq şəraitində böyüməsi, təhsili, rifah halının yüksəkliyi dövlət siyasətinin əsas hissələrindəndir.

Ölkə Prezidentinin tapşırığı ilə uşaqların sağlam və şən əhval-ruhiyyə içərisində böyüməsi üçün İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərimizdəki park və xiyabanlarda, istirahət məskənlərində, məhəllələrdə idman qurğuları, atraksionlar quraşdırılmış əyləncə və idman meydançaları hazırlanır, gözəl şərait yaradılır. Əziz uşaqlar, 1 iyun sizin bayramınızdır, hər birinizi əziz bayram münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, vətənimizin ləyaqətli övladı olmağı arzu edirəm.

Sonra İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 112 şəhid və qazi övladına hədiyyələr təqdim etdi. Xatirə şəkilləri çəkdirildi.
Esmira Hidayətova, Mingəçevir