Azərbaycan Ordusunun yaranmasının 107 illiyi Mingəçevirdə təntənəli şəkildə qeyd olundu

0
IMG-20250626-WA0064

İyunun 26-da Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hərbi hissənin komandiri, “Vətən Müharibəsi Qəhrəmanı” polkovnik Elnur Qəbədov, Zaqatala Hərbi Prokuroru, ədliyyə polkovniki Emin Quliyev, şəhər rəsmiləri, müharibə və əmək veteranları, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

 

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxış edən rəsmi şəxslər – polkovnik Elnur Qəbədov, icra başçısı İlham İsmayılov və hərbi prokuror Emin Quliyev Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdıraraq Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolundan danışıblar.

Onlar çıxışlarında Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna verdiyi töhfələrdən, Silahlı Qüvvələrimizin formalaşması və gücləndirilməsi istiqamətində həyata keçirilmiş mühüm tədbirlərdən bəhs ediblər.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və əsgər-zabitlərimizin qəhrəmanlığı sayəsində Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı və ərazi bütövlüyümüz bərpa olundu.

Tədbirdə şəhid anaları Nəhayət Həsənova və İranə Həsənova, eləcə də əsgər İbrahim Məmmədov çıxış edərək duyğulu fikirlərini və ürək sözlərini bölüşüblər, iştirakçılara bayram münasibətilə təbriklərini çatdırıblar.

Mərasim çərçivəsində bir qrup hərbi qulluqçunun yeni rütbələrlə təltif edildiyi elan olunub. Həmçinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tərəfindən bir sıra hərbi qulluqçulara xatirə hədiyyələri təqdim olunub.

Tədbir hərbçilərin ifasında təqdim olunan marşlarla davam edib və vətənpərvərlik ruhunu bir daha nümayiş etdirib.

Esmira Hidayətova, Mingəçevir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir