28 May – Müstəqillik Günü münasibətilə Mingəçevirdə möhtəşəm İdman Festivalı keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü – 28 May Müstəqillik Günü münasibətilə Mingəçevirdə təntənəli İdman Festivalı təşkil olunub. Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə baş tutan bu möhtəşəm tədbir şəhid Yaşar Məmmədzadənin adını daşıyan mərkəzi stadionda keçirilib.

Festival çərçivəsində müxtəlif idman bölmələrində fəaliyyət göstərən və nailiyyətləri ilə seçilən idmançıların parad keçidi təşkil olunub. İdmançılar nümayiş etdirdikləri peşəkarlıq və fiziki hazırlıqla tamaşaçılara unudulmaz anlar yaşadıblar. Tədbirin sonunda ilin ən uğurlu idman bölmələri fəxri fərmanlarla təltif olunub, onların inkişafı və uğurlarının daim diqqət mərkəzində olduğu vurğulanıb.

Bayram tədbirində Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Dövlət Universiteti, Regional Turizm İdarəsi, Mingəçevir şəhər Bələdiyyəsi, Turizm və Tibb kolleclərinin nümayəndələri fəal iştirak ediblər. Onların adından seçilən idmançılara bayram mükafatları təqdim olunub.

Tədbirdə həmçinin müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Bu festival bir daha sübut etdi ki, idman təkcə fiziki inkişaf deyil, eyni zamanda milli ruhun, vətənpərvərliyin və birlik duyğusunun təcəssümüdür.
Esmira Hidayətova, Mingeçevir