Müasir çağırışlara uyğun olaraq elektrik şəbəkəsinə çıxışın asanlaşdırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və sahibkarlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2019-cu ildən etibarən “Azərişıq” ASC tərəfindən görülmüş işlər çərçivəsində elektrik enerjisindən istifadənin daha rahat və əlçatan olması məqsədilə E-sistem tətbiq edilir. Bu sistemin əsas məqsədlərindən biri də vahid platformada tətbiqlərin idarə edilməsi, operativliyin və effektivliyin artırılması, şəffaflığın təmin edilməsidir. Sistem Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər qurumlarla birləşdirildiyi üçün sahibkara elektrik enerjisi ilə bağlı sənədlər toplusunun verilməsinə ehtiyac yoxdur.
Qeyd edək ki, elektron müraciət sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) innovativ layihəsi kimi qiymətləndirilib. (https://oecd-opsi.org/innovations/online-electricity-connection/). Bununla yanaşı, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi elektrik şəbəkəsinə qoşulma prosedurlarının sayını 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirib.
Ötən dövrdə sahibkarların məmnunluğunun təmin edilməsi məqsədilə “Elektrik şəbəkəsi üzrə Kommunikasiya Strategiyası (2022-2025-ci illər)” qəbul edilmiş və həyata keçirilib. (https://www.azerishiq.az/upload/files/Kommunikasiya.pdf).
Eyni zamanda, 7 oktyabr 2022-ci il tarixində Biznes mühiti və beynəlxalq reytinq üzrə Komissiyanın sədri Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsinə uyğun olaraq “2022-2023-cü illərdə Yol Xəritəsi”ni təsdiq edib və dərhal icra edib. (https://azranking.az/public/images/doc_05.10.22_1.pdf).
E-sistemin davamlı təkmilləşdirilməsi və funksional imkanların genişləndirilməsi, onlayn E-GOV (elektron hökumət portalı), e-service.azerishiq.az Obyektin enerji təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin yaradılması nəticəsində elektron müraciət edənlərin sayında əhəmiyyətli artım müşahidə olunub.
Görülən işlərin nəticəsi olaraq cari ilin mart ayı ərzində “Qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması” elektron müraciətlərinin xüsusi çəkisi 53,6 faiz artıb. Ümumilikdə, 2023-cü ilin 1-ci rübündə onlayn müraciət edənlərin sayı ötən illə müqayisədə 5 dəfə artıb.
Xeberler.info
Şərh yaz