Xaldan Kənd Məktəbində “Yaşıl Zona Parkı” Layihəsinin Bağlanış Mərasimi Keçirildi
Elm və Təhsil Nazirliyinin VIII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Eko Könüllülərlə Birlikdə Yaşıl Zona Parkının Yaradılması” layihəsi uğurla başa çatıb. Layihə Xaldan Kənd Kompleks Tam Orta Məktəbində icra olunub.

Layihə çərçivəsində məktəblilərdə ekoloji şüurun artırılması, ekoloji könüllülüyün təbliği və plastik tullantılarla mübarizə yollarının öyrədilməsi məqsədilə maarifləndirici və praktik fəaliyyətlər həyata keçirilib.

Bağlanış mərasimi məktəbin həyətində yaradılmış “EKO-Park” ərazisində keçirilib. Tədbir zamanı 100-dən çox dekorativ ağac və gül kolları məktəbin könüllüləri tərəfindən əkilib. Bu fəaliyyət məktəblilər arasında ekoloji dəyərlərin yayılmasına və onların ətraf mühitə daha həssas yanaşmasına töhfə verib.

Tədbirdə Mingəçevir Dövlət Universitetinin “Bir Könüllü” tələbə təşkilatının üzvləri də iştirak ediblər. Onlar məktəbin eko könüllüləri və layihədə iştirak edən şagirdlərlə birlikdə ağacəkmə aksiyasına qoşularaq ərazinin yaşıllaşdırılmasına dəstək göstəriblər.

Aksiya zamanı məktəblilərə əkilən ağaclara qulluq qaydaları və ekoloji mühitin qorunmasının əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Tədbirdə məktəbin direktoru Günel Yusifzada layihənin şagirdlərin ekoloji bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini vurğulayaraq, gələcəkdə də bu tip ekoloji layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib.

Layihə rəhbəri Vüsalə Qasımova məktəb ərazisində yaradılan “Yaşıl Zona Parkı”nın şagirdlər üçün ekoloji cəhətdən sağlam mühit formalaşdırdığını və onların bu mühitə sahib çıxmasının vacibliyini bildirib.

Layihənin eksperti Aynur Araz ekoloji könüllülük anlayışının məktəblilər arasında yayılmasının və onların ekoloji məsuliyyətli vətəndaş kimi formalaşmasının önəmini vurğulayıb.

Mingəçevir Dövlət Universitetinin müəllimi, peşəkar təlimçi Şəbnəm İslamova isə ekoloji problemlərlə bağlı maarifləndirmənin yalnız şagirdlər üçün deyil, ümumilikdə cəmiyyət üçün vacib olduğunu bildirib və bu kimi təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiq edilməsinin əhəmiyyətini qeyd edib.

Bağlanış tədbirində iştirak edən şagirdlər ekoloji biliklərə yiyələnməyin onların gələcək həyatına necə təsir göstərə biləcəyi barədə fikirlərini bölüşüblər. Sonda layihədə fəal iştirak edən şagirdlərə sertifikatlar təqdim olunub.

Bu uğurlu layihə Xaldan Kənd Kompleks Tam Orta Məktəbində ekoloji maarifləndirmə və ekoloji könüllülüyün inkişafına mühüm töhfə verməklə yanaşı, məktəb ərazisinin daha yaşıl və ekoloji baxımdan sağlam bir mühitə çevrilməsinə xidmət edib.

Layihənin davamlılığını təmin etmək məqsədilə məktəbin eko könüllüləri mütəmadi olaraq yaşıllaşdırma işlərini davam etdirəcəklər.

Mingəçevir Dövlət Universitetinin “Bir Könüllü” tələbə təşkilatının layihəyə qoşulması və məktəblilərlə birlikdə fəaliyyət göstərməsi isə gələcəkdə universitetlə orta məktəblər arasında ekoloji əməkdaşlıqların genişlənməsinə şərait yaradacaq.




