En son xeberler

Prezident tabeliyində olan məmurların adının hallandığı otel açılışında |

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

Prezidentin İşlər müdiri Ramin Quluzadə onlara oteldə görülən işlər barədə məlumat verərək deyib ki, dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan “Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.

Ölkədə tikilən dəbdəbəli otellərin əksəriyyətinin açılışında İlham Əliyevin özü iştirak edir. Elə araşdırmalar da həmin otellərin Əliyevlər ailəsinə və ya ailəyə yaxın adamlara məxsus olduğunu ortaya çıxarır. Meydan TV “Basqal Resort & Spa” otelinin kimə məxsus olması ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, otel sahibi kimi Prezidentin İşlər İdarəsinin sistem inzibatçısı Füzuli Mahmudovun adı hallanır. Bu ada otelin rəsmi saytının domenində də rast gəlinir. Belə ki, “basqalresort.az” saytının domeni birbaşa İT üzrə mütəxəssis Füzuli Mahmudovun rəsmi emaili ilə qeydiyyatdan keçirilib – [email protected].

Domain məlumatları və Füzuli Mahmudov

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun prezident, millət vəkilləri o cümlədən digər vəzifəli şəxslərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Belə olan halda İlham Əliyev özünün imzaladığı qanunu pozmuş məmurun adının hallandığı otelin açılışında niyə iştirak etsin? Və ya Prezidentin İşlər İdarəsi həm də prezidentin şəxsi obyektlərininmi “işinə baxır”? Çünki otelin tikintisini aparan şirkətin də arxasından məhz bu idarənin məsul şəxslərinin adı çıxır.

Sağda Oktay Şahbazov, solda kürəkəni Əli Hüseynov

Belə ki, oteli “Kontinent İnşaat” MMC tikib. Yerli mətbuatın yazdığına görə, “Kontinent İnşaat” MMC-nin əsl sahibi Prezidentin işlər müdiri olmuş Oktay Şahbazovdur. O, Energetika Nazirliyi Pərviz Şahbazovun atasıdır. Şirkəti isə Oktay Şahbazovun kürəkəni Əli Hüseynov idarə edir.

Əli Hüseynov həmçinin “Paşa Həyat Sığorta” ASC şirkətində Direktorlar Şurasının üzvüdür.

Əli Abdulhüseyn oğlu Hüseynov həmçinin Azərbaycan Bank Olmayan Kredit Təşkilatının (BOKT) sahibidir. O, Bakı Dövlət Universitetinin hüquq kafedrasının da müəllimi kimi çalışır.

“Kontinent İnşaat” MMC-nin adına mətbuatda tez-tez rast gəlmək olur. Elə bu ilin aprelində bir qrup Qarabağ qazisi mətbuata şikayət edərək onlarla qul kimi rəftar edildiyini deyirdilər. Fəhlələrin sözlərinə görə, 40 saat əvəzinə 70 saat işlədilsələr də, əmək haqqını ala bilmirlər.

Haqqını tələb edən qaziləri şirkətin müdiri Əli Hüseynov işdən qovmaqla hədələyir.

“Basqal Resort & Spa” otelinin yerləşdiyi ərazi bir məsələ ilə bağlı da diqqəti çəkir. Otelin düz yanından AZAL prezidenti Cahangir Əsgərovun villasi var. Meşənin içində, hasara alınmış 11 min kv.m ərazidə yerləşən bu malikanədə vəhşi heyvanların bəslənməsi ilə bağlı iddialar var.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button