En son xeberler

Tixanovskaya Belarusda dəyişikliyin olacağına inanır |

“Bu müharibənin nəticələri Belarusa və belaruslulara növbəti mərhələyə keçmək, ölkəni demokratiya yoluna cığırına salmağa imkan verər”

Belarusda demokratik üsyanla nəticələnmiş, saxtakarlıqla keçən prezident seçkilərindən iki il ötür. Mühacirətdə yaşayan müxalifət lideri Svetlana Tixanovskaya AzadlıqRadiosuna eksklüziv müsahibəsində ölkədə görüləsi işlərdən danışır.

“Əlbəttə, mənim indiki vəziyyətim üzücüdür – fiziki, mənəvi, psixoloji baxımdan. Əlbəttə, bəzən hiss edirsən ki, məsuliyyət yükünün bir hissəsini atmaq istəyirsən. Ancaq bunu edə bilməyəcəyini anlayırsan”, – Tixanovskaya AzadlıqRadiosunun Amerikanın Səsi ilə birgə layihəsi olan “Current Time”a müsahibəsində deyib.

Siyasi təşkilat”

Saxtakarlıqla keçən seçkidə avtoritar lider Alyaksandr Lukaşenkanın daha altı il müddətinə prezident seçildiyi elan olunub. Seçkinin ertəsi günü təhlükəsizlik agentləri Tixanovskayanı ölkədən çıxarıb. O hazırda Litvada yaşayır, Lukaşenkanın tanınmaması üçün dünyada lobbiçilik edir, ölkəsinin demokratik ambisiyalarının qlobal sifətinə çevrilib.

O, Vilnüsdəki ofisini “siyasi təşkilat” adlandırır, müxtəlif ölkələrdə siyasətçilərlə danışıqlar apardığını deyir:

“Gündəmimiz birdir – siyasi məhbusların buraxılması, yeni seçki keçirilməsi, Ukraynada müharibənin dayandırılması və Ukraynaya dəstək”.

Günah hissi

Lukaşenka hökuməti Rusiyanın Ukraynaya təcavüzündə əlbir olub. Tixanovskaya inanır ki, Ukrayna bu hücumu dəf edə bilsə, Belarusda müharibəyə kəskin reaksiya Lukaşenka və “onun diktatura rejiminin nəhəng repressiv maşını” üçün fəlakət gətirər.

“Bu müharibənin nəticələri Belarusa və belaruslulara növbəti mərhələyə keçmək, ölkəni demokratiya yoluna cığırına salmağa imkan verər”, – o vurğulayıb.

Müxalifət lideri Belarusda “cəsarətli və parlaq partizanların” müharibəyə qarşı fəaliyyətini, Ukraynadakı belaruslu könüllülərin hər iki ölkənin “şərəfini müdafiə etdiyini” deyib. Ancaq onu da qeyd edib ki, bir çox belaruslunun müharibəyə görə özünü günahkar hiss etməsini anlayır, bunu Lukaşenkanın onillərlə hakimiyyətdə qalmasına imkan verən “sükutumuzun nəticəsi” hesab edir.

İki il öncə olanlar

Siyasi təcrübəsi olmayan müəllimə, tərcüməçi Tixanovskaya 2020-ci ilin prezident seçkisi kampaniyası dövründə qəfildən müxalifətin önündə peyda olub. Əri, tanınmış bloger Sergey Tixanovski seçkiyə buraxılmayandan və həbs olunandan sonra Tixanovskaya onun seçki kampaniyasının başına keçib.

Əsas müxalifət partiyalarının onun ətrafında birləşməsi isə belaruslularda 25 illik Lukaşenka idarəçiliyindən sonra dinc dəyişikliyə ümid yaratdı.

Rəsmi qurumlar Lukaşenkanın səslərin 80 faizindən çoxunu yığdığını açıqladı. Bundan sonra yüzminlərlə belaruslu küçələrə çıxdı. Təhlükəsizlik qüvvələri onları zorakılıqla yatırdı. Minlərlə etirazçı döyüldü, saxlandı, işgəncə gördü. Jurnalistlər, fəallar, digərləri həbs olundular.

“Heç kəs bu rejimdə yaşamaq istəmirdi”

“2020-ci ildə hər kəs düşünürdü ki, hökumətin çöküşü anı çatır, çünki bu qədər adamın etirazını, savaşını gözardı etmək mümkün deyildi. Ancaq görünür, rejimin qəddarlığını, onların hər vasitəylə hakimiyyətdə qalmağa hazır olmasını düzgün dəyərləndirməmişik. Amma daha heç kəsin bu rejimdə yaşamaq istəməməsi hamıya aydın idi”, – Tixanovskaya söyləyib.

Sergey Tixanovski 2021-ci ilin dekabrında guya hökuməti zorakılıqla devirməyi təbliğ etməkdə təqsirli bilinərək 18 il həbsə məhkum edilib. Tixanovskaya deyir ki, məhkəmədən sonra həbsxanaya aparılan ərindən xəbər tutmayıb.

“Uşaqlar bu yaxınlarda ona həbsxanaya köçürüləndən bəri ilk məktublarını göndəriblər. Cavabını gözləyəcəyik. Tezliklə Sergeyin ad günü olacaq”, – o deyir.

“Bacardığımızı etməyə çalışırıq”

Tixanovskaya söyləyir ki, ofisi hazırda genişlənmiş Belarus diasporuyla işi davam etdirir, onların təkcə özləri üçün deyil, Belarus və belaruslular üçün də işləməsindən ötrü yenidən təşkilatlanma, koordinasiya işləri görür.

“Çalışırıq. Kiçik addımlarla, istədiyimiz miqyasda deyil, ancaq nəsə etməyə çalışırıq. Bizi tamamilə məhdudlaşdırıblar. Cismən Belarusda deyilik. Orada hakimiyyətdə deyilik, polisə nəzarət etmirik. Ancaq bacardığımızı etməyə çalışırıq”, – deyən Tixanovskaya əlavə edir ki, yetərincə işləməməsi, “yatması” haqda tənqidlər də qulağına çatır.

“Buna baxmayaraq işə davam edirsən. Bəli, hər şeyi edə bilməzsən. Oraya gedib həbsxana qapılarını aça bilməzsən. Belə məhdud şəraitdə edə bilmədiyin çox şey var. Ancaq yenə də işini görməyə davam edirsən”, – o vurğulayıb.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button