En son xeberler

Ukraynanın bərpasını indidən planlaşdırmaq lazımdır  |

ABŞ-ın “Bloomberg” agentliyi redaksiya heyəti adından “Ukraynanın bərpasını indidən planlaşdırın” adlı məqalə yayıb. Məqalənin ingiliscədən tərcüməsini diqqətinizə çatdırır.

Ukraynada dörd aydan artıqdır davam edən müharibə ölkədə körpülərdən tutmuş evlərə, xəstəxanalara və ticarət mərkəzlərinə qədər böyük dağıntılara səbəb olub. Avropa İnvestisiya Bankının rəhbərinin son hesablamasına görə, Ukraynanın bərpa xərcləri bir trilyon dollardan çox vəsait tələb edir.

Milyonlarla vətəndaşının qaçqın-köçkün vəziyyətinə düşməsi, infrastruktur dağıntıları Ukraynanı uzun illər, bəlkə də onilliklər ərzində özü-özünü təmin etmək imkanından məhrum edir.

Avropa ilə sərhəddə yerləşən bu kasıb və problemli dövlət gələcək təcavüzlər qarşısında da zəif duruma düşür, yəni ölkə gələcəkdə iqtisadi və siyasi qeyri-sabitliyin mərkəzinə çevrilə bilər. Bunun qarşısını almaq üçün demokratik dünya Ukraynanın böyük hissəsinin bərpasını maliyyələşdirməlidir, necə ki İkinci Dünya müharibəsindən sonra ABŞ Avropada Marşal Planı əsasında belə bir missiya həyata keçirmişdi.

Yaxşı olardı hazırda münaqişənin davam etdiyi dövrdə belə Qərb ölkələrinin hökumətləri Ukraynanın bərpasını planlaşdırmağa başlasınlar.

Rusiyanın Ukraynanın şəhərlərinə hücumu səngimir, ona görə Qərbdə Ukrayna ordusuna silahla dəstək vermək məsələsi prioritet olaraq qalır. Amma istənilən halda mülki sahədə yenidənqurma işlərini müharibənin sonuna qədər təxirə salmaq da düzgün siyasət olmazdı.

Ukraynanın bir çox ərazisində demək olar hərbi əməliyyatlar getmir. Əgər həmin bölgələr əzgin vəziyyətdə qalsa, bu, qaçqınların geri qayıtmasına mane ola və Ukraynanı daha uzun müddətə xarici yardımdan asılı qoya bilər.

Qərbin bərpa layihələrinə dəstəyi Ukrayna hökumətinə ordunun təminatına daha yaxşı diqqət yetirmək, hərbi səylərini artırmaq imkanı da verərdi.

Düzdür, yenidən atəşə məruz qalacaq strukturun bərpası mənasız görünür, ancaq Ukraynanın müttəfiqlərinin indi görə biləcəyi işlər də az deyil. Müvəqqəti xarakter daşısa da, üzən körpülərin və digər həyati əhəmiyyətli infrastrukturların inşası milyonlarla pud taxılın Ukraynadan ixrac olunmasına kömək edə bilər.

Ukraynada kənd təsərrüfatı sahəsinin, fermerlərin bu il əkin üçün dəstəyə, habelə ABŞ prezidenti Cozef Baydenin administrasiyasının vəd etdiyi müvəqqəti taxıl anbarları tipində daha təhlükəsiz anbarlara ehtiyacı var.

Yaşayış massivlərinin abadlaşdırılması mümkün qədər sürətləndirilməlidir. Müharibə nəticəsində ölkə daxilində köçkün düşmüş insanlar və xaricdən geri dönən qaçqınlar üçün normal şərait yaratmaq üçün modul tipli prefabrik evlər quraşdırılmalıdır.

Hücumların kifayət qədər səngidiyi yerlərdə əcnəbi mütəxəssislər ərazilərin minalardan təmizlənməsinə kömək edə bilər (Ukrayna Kənd Təsərrüfatı Nazirliyinin hesablamasına görə, əkin torpaqlarının 30 faizi ya işğal altındadır, ya da o ərazilərdə hələ təhlükə sovuşmayıb). Minalar təmizlənməyincə, təhlükə tam sovuşmayınca bir çox ukraynalının evinə qayıtması mümkünsüzdür.

Xarici ölkələrin hökumətləri təxirəsalınmaz bərpa işlərindən əlavə gələcəkdə davamlı inkişafın təməlini qoya bilmək üçün də Ukraynaya indidən yardım etməlidir. Bu yardımlara iqtisadiyyatın diversifikasiya olunması, mədən yanacağından imtina edilməsi, nüvə qurğularının modernləşdirilməsi, bərpa olunan enerji mənbələrinin yaradılması və Ukraynanın Avropanın elektrik enerjisi şəbəkəsinə inteqrasiyası aiddir. Bütün bunlar həm də kiçik və orta biznesdən ötrü daha yaxşı maliyyə imkanlarının yaradılması deməkdir.

Yəqin ki, yenidənqurma prosesində ən böyük problem lazımi vəsaitin tapılması olacaq. Bərpa işlərinə ayrı-ayrı hökumətlər, beynəlxalq maliyyə institutları cəlb oluna bilər, ancaq ən məntiqlisi prosesə Avropa İttifaqının başçılıq etməsidir. Ukrayna artıq Avropa İttifaqı üzvlüyünə namizəddir.

Vəsaitlərin ayrılması zamanı bir neçə prinsip rəhbər tutulmalıdır. Əvvəla, kreditlər istənilən yardım paketinin bir hissəsi olsa da, Ukraynanı həddindən artıq borcla yükləmək düzgün deyil, əks halda bu, gələcəkdə böhran riskini artıra bilər.

Marşal Planında olduğu kimi, Ukraynanın bərpası da ilk növbədə qrant yardımları hesabına həyata keçirilməlidir. Ancaq bir şərtlə ki, həmin qrant vəsaitlərinin bir hissəsi Ukrayna hökumətinə və biznesinə çatsın.

Müharibənin danışıqlar yolu ilə həllinin istənilən variantında Rusiya uzunmüddətli bərpa xərclərinin ən azı onda birini ödəməli olacaq. Məsələn, İraq Birinci Körfəz müharibəsindən sonra Küveytə təzminat ödəmişdi. Hərçənd müsadirə edilmiş Rusiya aktivlərinin yenidən bölüşdürülməsi hüquqi baxımdan şübhəli və təhlükəli işdir.

Bu həftə Ukraynanın bərpası üzrə start götürən beynəlxalq konfrans tərəfdaşlara bu məsələləri müzakirə etmək və ən azı ümumi platforma və prioritetlər barədə razılığa gəlmək imkanı yaradır.

Nəhayət, bərpa səylərinə verilən ictimai dəstək Qərb hökumətləri qarşısında bir daha vəsaitlərin düzgün xərclənməsi tələbini qoyur. Məhkəmə və institusional islahatlar daha sabit biznes mühitinin təmin edilməsinə yardım göstərə və investorların geri dönüşünə stimul verə bilər. Antiinhisar komitəsinin fəaliyyəti və təkmilləşdirilmiş tənzimləmə mexanizmi oliqarxların prosesə təsirini azalda bilər.

Ukraynanın bərpası demokratik dünyada güclü birlik simvoluna çevrilə və gələcək təcavüzkarlara bir xəbərdarlıq olardı. Bu işə mümkün qədər tez başlamaq xərclərin, habelə tullantıların azaldılması və Ukrayna xalqının daha parlaq gələcəyinin təmin edilməsi yolunda həlledici məsələlərdən biridir.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button