En son xeberler

‘Bəraət hökmü olmasaydı…’ – Bəraət alan öldürüldü

Bakı Ağır Cinayətlər Məhkəməsində ölüm işiylə əlaqədar dindirilən şahid məhkəmə binasından çıxandan sonra bıçaqlanıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən mənbə bildirib ki, hadisə aprelin 27-də hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baş verib. Həmin məhkəmədə mühakimə olunan İlqar İsmayılov Cabir Abulovu qətlə yetirməkdə suçlanır.

Məhkəmə iclasında Akif adlı şahid dindiriləndə təqsirləndirilən İsmayılov deyib ki, cinayəti özü yox, bu şahid törədib: “Sadəcə, ailəm təhdid altında olduğuna görə qorxudan deməmişəm. İndi ailəm qardaşımın himayəsindədir, ona görə həqiqəti deyirəm”.

Şahid onun dediklərini təkzib edib, İsmayılovun yalan danışdığını, bu cinayətə heç bir aidiyyəti olmadığını bildirib.

Mənbənin sözlərinə görə, şahid saat 18:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin binasından çıxandan sonra zərərçəkmiş tərəfin qohumları onu izləyərək xəsarət yetiriblər: “Şahid dindiriləndən sonra hakim Samir Əliyev şəxsiyyət vəsiqəsini qaytarmayıb ki, dərhal çıxıb getsin. Başqa bir zalda gözləyib. Məhkəmə iclası bitəndə vəsiqəsini qaytarıblar. Bəlkə də, tez çıxıb getsəydi, heç onu izləyib tapa bilməzdilər, bu qanlı hadisənin də qarşısı alınardı”.

Bakı Ağır Cinayətlər Məhkəməsindən də belə bir olayın baş verdiyini AzadlıqRadiosuna təsdiqləyiblər. Məhkəmədən bildirilib ki, hadisənin qarşısını almaqdan ötrü bütün mümkün addımlar atılıb: “Biz də belə bir hadisənin baş verdiyini eşitmişik. Amma məhkəmə buna görə məsuliyyət daşıya bilməz. Şahid dindiriləndən sonra təhlükəsizlik baxımından başqa bir zalda, mühafizə altında saxlanılıb. Məhz təhlükəsizliyini nəzərə alaraq, onu arxa qapıdan çıxarıb yola salıblar. Məhkəmə binasından uzaqlaşandan sonra başına nəsə gəlibsə, buna görə məhkəmənin məsuliyyəti yoxdur”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin adı bir müddət öncə başqa bir qanlı olayda da hallandı. Söhbət bu məhkəmədən azadlığa buraxılan Zaur Yusifovun bir müddət sonra öldürülməsindən gedir.

Yusifov kriminal aləmdə “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovun qətlində suçlanaraq həbs olunmuş, 2021-ci ilin oktyabrında bəraət alıb buraxılmışdı. Lakin bəraət hökmündən zərərçəkmiş Səfərovun yaxınları da, prokurorluq da narazı qalıb, apellyasiya şikayəti vermişdi. Apellyasiya məhkəməsi getdiyi bir vaxtda – 2022-ci ilin martında Yusifovun özü qətlə yetirildi. Onun qətlinə görə mərhum Səfərovun xalası oğlu Samir Şirəliyev həbs olunub.

Aprelin 15-də Bakı Apellyasiya Məhkəməsi Səfərovun qətli ilə bağlı təkrar araşdırma aparıb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib. Digər təqsirləndirilən Həsən Tağıyevin 18 illik həbs cəzası olduğu kimi saxlanılıb. Zaur Yusifov haqqında bəraət hökmü ləğv edilib. O, təqsirli bilinib, amma ölməsi əsasıyla barəsindəki cinayət işinə xitam verilib.

Bakı Apellyasiya Məhkəməsində bu qərarı çıxaran hakimlər həm də Yusifova bəraət vermiş hakimlər (İlham Mahmudov, Faiq Qəniyev Səbuhi Hüseynov) haqqında xüsusi qərar çıxarıb baxılması üçün Məhkəmə-Hüquq Şurasına göndərib. Sözügedən hökmü əsassız qanunsuz sayıb ləğv edən Bakı Apellyasiya Məhkəməsi belə nəticəyə gəlib ki, əgər həmin hökm çıxarılmasaydı, Yusifov hazırda sağ ola bilərdi…

Mərhum Yusifovun vəkili Ceyhun Yusifov isə müvəkkilinin təqsirsiz olduğunu deyir. O hesab edir ki, müvəkkili haqqında çıxarılmış bəraət hökmü əsaslı idi qüvvədə saxlanmalıydı: “Biz Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verəcəyik”.

Məhkəmə-Hüquq Şurasından AzadlıqRadiosuna bildirilib ki, adıçəkilən hər üç hakim intizam məsuliyyətinə cəlb olunub.

Hüquqşünas Yalçın İmanov deyir ki, hakim bilə-bilə qanunsuz hökm qərarlar verməyə görə məsuliyyət daşıyır. Buna görə cinayət qanunvericiliyində də uzunmüddətli azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hüquqşünas vurğulayıb ki, hakim imzaladığı hər bir sənədə məhkəmə prosesindəki hər hərəkətinə görə cavabdehdir.

“Şahidi dindirəndən sonra lüzumsuz yerə onun şəxsiyyət vəsiqəsinin qaytarılmaması buna bənzər hallar prosessual pozuntudur. Buna görə hakim məsuliyyət daşıyır. Amma hakim kimisə dindirirsə, sonradan o adamı döyürlərsə, xəsarət yetirirlərsə s. buna görə hakim məsuliyyət daşımır”, – İmanov bildirib.

Məhkəmə-Hüquq Şurası fəaliyyəti dövründə hakimlər barədə 300-dən çox intizam icraatı başlandığını bildirir. Bunlar qanunvericiliyin tələblərinin pozulmasına, “o cümlədən insanların haqlı narazılığını doğuran hallara görə” aparılıb. 200-dək hakimin isə ciddi nöqsanlara yol verdiyinə görə müxtəlif əsaslarla məhkəmə sistemindən kənarlaşdırıldığı bildirilir. Korrupsiya hüquqpozmaları ilə bağlı 43 hakim intizam məsuliyyətinə cəlb edilib, doqquz nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 13 nəfər tutduğu vəzifədən azad olunub. Təkcə son üç ildə isə 70-dək intizam icraatı başlanıb, 60 hakim məhkəmə sistemindən kənarlaşdırılıb, – qurum vebsaytında bildirir.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button