En son xeberler

Britaniya dünya nizamını açıqladı  – 24 saat

Müəllif: Seymur Həzi

Britaniyanın xarici işlər naziri xanım Elizabet Trassın tarixi çıxışı artıq müzakirələrə səbəb olub. Onun “yeni dünya” mesajı ən müxtəlif mərkəzlərdə fərqli yozumlara yol açır. Çin Rusiya üçün yol göründümü? Kremllə bağlı proses müəyyən mənada “hə” deməyə əsas verir. Bəs Çin? Hazırda əlimizdə Çinin növbəti olacağına dair tam dəlillər olmasa da onu deyə bilərik ki, bu ölkənin adı artıq Rusiya ilə yanaşı çəkilir. Necə dəyərlər, həmrəng olmasalar da həmxasiyyət olduqları heç kimdə şübhə doğurmur. Amma bizi təkcə Rusiya Çin düşündürə bilməz. Çünki bizim öz problemlərimiz var əsas vəzifəmiz də onları müəyyən etməkdir. Üstəlik, bir yeni dünya düzəni olacaqsa, orada nə etməli olduğumuzu indidən aydınlaşdırmaq. Hər halda, indiki mənzərədən görünən odur ki, həm sağ qalmaq, həm də köhnə dünyada qalmaq, demək olar ki, mümkün görünmür. Yaşamaq istəyiriksə, yeni dünya düzəninə mütləq uyğunlaşmalıyıq. Beləliklə, xanım Trassın çıxışından bizim payımıza nə düşürdü? 

Cənubi Qafqaz Avropadır, Avropa təhlükədədir 

Elizabet Trass, Putinin uğur qazanacağı halda, Avropanı fəlakətlərin, dünyanı iztirabların gözlədiyini dedi. Azərbaycan da daxil olmaqla, bütün Cənubi Qafqaz AB-nin qərarı ilə Avropanın siyasi sərhədləri sayılır. Burada həm də birbaşa hədə ondan ibarətdir ki, Putinin iştahası yeni müharibələr üçün açıla bilər. Rusiya işğal etmək imkanı əldə edəcəksə, o zaman niyə kiminləsə qonşu ya müttəfiq olmaq istəsin ki? Tarix bizə göstərib ki, Kreml müttəfiqlik anlayışını məcburiyyətdən qəbul edir imkanı olduqca hamını öz təbəəsinə çevirməyə üstünlük verir. 

Putinin yanında görünürük 

Əvvəlki versiyadan kənarda isə başqa bir təhlükə Rusiyanın yanında yer alıb, dünyanın qarşısında görünməkdir. Hər nə qədər Azərbaycan cəmiyyəti Ukrayna ilə tam həmrəylik göstərsə də dövlət başçısı İlham Əliyevin müharibədən 2 gün öncə – 22 fevralda Putinlə imzaladığı saziş ölkəni rəsmən Rusiyanın yanında mövqelənmiş kimi göstərdi. Düzdü, Ukrayna Prezidenti Zelenski bu yaxınlarda Rusiya ilə balans siyasəti aparan azsaylı ölkələrdən biri kimi Azərbaycanı anladıqlarını dedi. Amma onu da dedi ki, daha çox gözləyə bilməyəcəklər. Sürüşkən siyasi mövqeyinə görə hətta Almaniya prezidentini qəbul etməkdən imtina edən Ukrayna prezidentinin cümləsinin birinci hissəsi nə qədər ümidvericidirsə, ikinci hissəsi də o qədər narahatedicidir. Bu, həm də xanım Trassın elan etdiyi yeni dünyada yerini tutmaq çağırışıdır. Zelenski demək istəyir ki, indi gələcəyə, azadlığa, demokratiyaya, bəşəriliyə münasibət Ukraynaya münasibətdə ifadə olunur. Azərbaycan isə hələ ki, bu mövzuda susur. İlham Əliyevin mürəkkəb situasiyada olduğunu təsəvvür etmək çətin deyil. Amma daha asan təsəvvür olunan başqa gerçəklik də odur ki, onun bu mövqesizliyi hər keçən gün özünü ölkəni daha mürəkkəb duruma salacaq. Şübhə yoxdur ki, situasiya kritikləşdikcə daha birmənalı mövqe tələb ediləcək uzun zaman susqunluqdan sonra qəfil dönüş etmək daha çətin olacaq. Həm də burada başa düşülməsi zəruri olan məqam odur ki, Əliyev bu seçimi etmədikcə, özünü Azərbaycandan ayırır. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button