En son xeberler

Fiziklər zamanın ümumiyyətlə mövcud olmama ehtimalının mümkün olduğunu söyləyirlər

    Fiziklər düşünürlər ki, zaman ümumiyyətlə mövcud olmaya bilər bu, ciddi yanaşmaya ehtiyac duyan yeni imkanlara yol açır. “Fizika dərin böhrandadır. Keçən əsr boyunca biz, kainatı iki uğurlu nəzəriyyə sayəsində qavrayırdıq. Söhbət, ümumi nisbilik nəzəriyyəsindən kvant mexanikasından gedir” – deyə “Out of Time: A Philosophical Study of Timelessness” adlı kitabın müəllifi Sam Baron qeyd edib. Sam Baron həmçinin Avstraliya Katolik Universitetinin fizikidir. Onun sözlərinə əsasən kvant mexanikası hissəciklərin inanılmaz dərəcədə kiçik olan dünyalarını onların qarşılıqlı əlaqələrini uğurlu şəkildə təsvir edir. Ümumi nisbilik nəzəriyyəsi isə öz növbəsində qravitasiyanı obyektlərin necə hərəkət etdiklərini ümumi şəkildə təsvir edir. Bu iki nəzəriyyə çox yaxşıdır. Lakin onlar çox məsələdə bir-birilərinə ziddirlər. Alimlərin çoxu bu iki nəzəriyyəni bir vahid nəzəriyyə ilə əvəzləmək fikri ilə razıdır.

    Yeni nəzəriyyə qravitasiyanın ən kiçik miqyasda necə çalışdığını təsvir etməlidir. Lakin kvant qravitasiyası adlı yeni nəzəriyyəni yaratmaq həddindən artıq qəliz məsələdir. Bu cür cəhdlərdən biri də sim nəzəriyyəsi olub. Sözügedən nəzəriyyə hissəcikləri 11 ölçülü fəzada vibrasiya edən simlərlə əvəz etdi. Lakin nəticədə sim nəzəriyyəsi bəzi çətinliklərlə qarşılaşdı. Bu nəzəriyyə bizim kainatımıza bənzər kainatı təsvir etsə də, təcrübələr çərçivəsində yoxlanışı mümkün olan heç bir aydın proqnozu təqdim etmir. Buna görə də irəli sürülmüş bu nəzəriyyəni təsdiqləmək ya inkar etmək mümkün deyil. Bu səbəbdən də 90-cı illərdə fiziklərin çoxu sim nəzəriyyəsindən imtina etdi. Bununla yanaşı onlar bir sıra digər variantları irəli sürmüşdülər. Onlardan ən məşhuru isə döngü kvant qravitasiyası (loop quantum gravity) oldu. Bu nəzəriyyəyə əsasən məkan zaman parçası çox kiçik diskret fraqment şəbəkələrindən (döngülər) ibarətdir. Döngü kvant qravitasiya nəzəriyyəsinin əsas fərqləndirici özəlliklərindən biri də zaman anlayışının aradan qaldırılmasıdır.

    Bu cür nəzəriyyələrdən birinin nəticədə doğru olduğunu təsəvvür etsək, belə bir sual ortaya çıxır. Zamansız necə yaşamaq mümkündür? “Fiziki nəzəriyyələrdə stollar, stullar hətta insanlar yoxdur. Lakin bununla belə biz bütün bunların mövcud olduqlarını bilirik. Biz bilirik ki, bütün bu sadalanmışlar fundamental hissəciklərdən ibarətdirlər. Lakin biz, zamanın nədən ibarət olduğu barəsində heç bir fikirə sahib deyilik. Biz, zamanın necə yarandığı üzrə aydın izahat verə bilmədiyimiz müddətcə biz onun mövcud olduğunu təsdiqləyə bilərikmi?” – deyə Sam Baron bildirib. Onun sözlərinə əsasən bu fikirlərin nəticəsində zaman heç bir nəzəriyyədə mövcud ola bilməz.

    “Bizim özümüzü fərd kimi qəbul etməyimizin əsas səbəblərindən biri də odur ki, biz, gələcəkdəki bu ya digər dəyişikliklərə səbəb ola bləcək fəaliyyətimizi planlamağı bacarırıq. Lakin əgər gələcək mövcud deyilsə onu dəyişməyin bir mənası qalırmı?” – deyə Sam Baron qeyd edib. Onun sözlərinə əsasən zamanın mövcud olmamasının sübutu bütün dünyanı dayandıra bilər. Lakin çıxış yolu mövcuddur. Belə ki, fizikanın zamanı aradan qaldıra biləcəyinə baxmayaraq mövcud olan nəzəriyyələr səbəb-nəticə əlaqəsini qoruyub saxlayırlar. Beləliklə fizika bizim kainatın əsas özəlliyinin zaman deyil səbəbiyyət olduğunu söyləyir. “Biz düşünürük ki, zamanın mövcud olmamasının sübutu bizim həyatımıza ciddi təsir göstərməsə də, fizikanı yeni əsrə daxil etməyə imkan verəcək” – deyə Sam Baron əlavə edib.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button