En son xeberler

Özəl fondlar pensiyaçılara nə verər, nə verməz…

“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilir. Milli Məclisə təqdim olunmuş layihəyə əsasən, pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ olacaq.

Qanunda digər dəyişikliklər də nəzərdə tutulur. Lakin bəzi deputat ekspertlərin illərdir təklif etdiyi özəl pensiya fondları haqqında məsələ yenə də sənəddə yer almayıb.

Özəl pensiya fondlarının Azərbaycanda yaradılması mümkündürmü?

Dövlət Sosial Müdafiə Fondundan “24saat.org”a bildirilib ki, özəl pensiya fondlarının fəaliyyəti əmək pensiyaları haqqında qanunda uzun müddətdir ki, nəzərdə tutulub: “Lakin hələ ki, tətbiq olunmur, çünki bunun müəyyən riskləri var”.

Qurumdan qeyd olunub ki, dünya praktikasında özəl pensiya fondlarının uğurlu fəaliyyəti məhdud saydadır: “Özəl pensiya fondları uzunmüddətli investisiya şirkətləri formasında fəaliyyət göstərəcək. Yəni pensiya fondlarına yatırılan vəsait uzunmüddətli investisiyadır, bu vəsaitləri 20-30 il sonra əldə etmək mümkündür”.

Fonddan vurğulandığına görə, həmin illərdə həmin fondların fəaliyyətinin hansı formada təşkil ediləcəyi ciddi şəkildə qiymətləndirilməlidir: “Çünki həmin şəxslərin sosial təminatının gələcəkdə qarşılanması dövlətin əsas öhdəliklərindən biridir”.

Bildirilib ki, burada məcburi dövlət sosial sığorta haqlarının məbləğinə baxılmalıdır: “Hazırda bu göstərici 25 faiz həcmində müəyyən olunub. Özəl pensiya fondlarının yaradılacağı təqdirdə vətəndaşların ona hansı reaksiya verəcəklərini də bilmək lazımdır”.

Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev də “24saat.org”a deyib ki, özəl pensiya fondlarının yaradılması üçün heç bir hüquqi əngəl yoxdur. “Pensiya elə məsələdir ki, hazırda işləyən adam istəyir öz vəsaitini özəl pensiya fonduna yatırsın. Amma onun pensiya yaşı 20-30 ildən sonradır bu illər ərzində zəmanət olmayacaq ki, bu vəsait orada qalacaq, ya qalmayacaq, inflyasiyaya uğrayacaq, ya yox”.

Deputatın sözlərinə görə, özəl pensiya fondlarına yatırım vətəndaşı icbari pensiya ödənişlərindən azad etmir: “Əgər özəl pensiya fondları yaranacaqsa, bu, icbari sosial sığorta yığımlarına əlavə olaraq yaranacaq. Yəni vətəndaşlarımız üçün o qədər də maraqlı olmayacaq”.

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, hazırda Azərbaycanda infrastruktur, mühit şərtlər özəl pensiya fondlarının yaradılmasına imkan vermir: “Çünki Azərbaycanda uzunmüddətli dövrdə hər hansı bir fonda güvən çox aşağıdır”.

Onun fikrincə, bu məsələdə çox güclü dövlət təminatı lazımdır: “Bu olmasa, insanlar vəsaitlərini özəl pensiya fondlarına yerləşdirməyə maraqlı olmayacaqlar”.

Ekspertin sözlərinə görə, ikinci vacib faktor bu fondların yaranmasından sonra onların gəlirliyinin təmin edilməsidir: 2018-ci ildə Yunanıstan qlobal maliyyə böhranında dünyada bir çox özəl pensiya fondları batdı. Ora yerləşdirilən maliyyə aktivləri ciddi şəkildə dəyərsizləşdi onlar öhdəliklərini yerinə yetirə bilmədilər”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə AzadlıqRadiosuna açıqlamasında deyib ki, belə fondların yaradılması vətəndaşın seçim imkanını artırır. Onun sözlərinə görə, Azərbaycanda isə bu məsələ qanunla tənzimlənir icbarilik var: “Qanuna əsasən, VÖEN ilə çalışanlar minimum əməkhaqqının 25 faizini ödəyir. Özəl sektorda çalışanlar isə minimum əməkhaqqının yuxarı hissəsinin 10 faizini, üstəgəl 6 manat. Dövlət sektorunda çalışanlar isə əmək haqlarının 3 faizini sosial müdafiə fonduna ödəyir. Bunlar böyük məbləğdir. Bu rəqəmlərlə özəl təqaüd fondlarının yaradılması mümkün deyil”.

İqtisadçı deyir ki, özəl təqaüd fondları yaradılacaqsa, ödənişlərin məbləği vətəndaşla fond arasında fərdi müqavilələrlə tənzimlənməlidir: “Bu zaman qanunvericiliyə müəyyən dəyişikliklərə ehtiyac yaranacaq. Əsasən də, özəl sektorda VÖEN-lə çalışanların minimum əməkhaqqına bağlı ödənişləri aradan qaldırılmalıdır”.

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button