En son xeberler

Bakının dərdi var, Bakı xəstədir…

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin müsahibəsi.

– Getdikcə müxtəlif sektorların Bakıya daha çox cəmləndiyini görürük. Buna etirazınızı bildirmişdiniz…

– İstehsal sektorlarını mümkün olduğu qədər Bakıya yaxınlaşdırırlar. Məsələn, şəhər ətrafında kənd təsərrüfatının cəmləşdiyini görürük – istixanaları nəzərdə tuturam. Təbii ki, burada logistika rahatlığı var, Bakıya yaxınlaşdırılmanın səbəbi budur. Ancaq istixanaları Bakıdan kənarda yerləşdirmək zəruridir. Bu, həm keyfiyyətə, həm Bakının yükünün azalmasına, həm də regionların inkişafına ciddi şəkildə təsir edə bilər. Hökumət siyasəti konkretləşərsə, hansı ərazilərdə hansı subsidiyaların ayrılması istiqamətində konkret strategiya olarsa, sahibkarlar da işlərini biləcəklər. Ya istixana ilə bağlı ərazilərə uyğun qadağalar qoyulmalı, ya da vergi endirimi verilməlidir.

Bunu bir misal olaraq dedim. Kənd təsərrüfatından başqa sahələr də var.

– Bu, dövlətin biznesə müdaxiləsi olmazmı?

– Liberal dövlətlərdə biznesə müdaxilə qadağalarla yox, həvəsləndirmə ilə olur. Yəni rayonda bir biznesin açılmasını istəyiriksə, Bakıda hansısa yeri bağlaya bilmərik. Ən yaxşısı, rayonda biznes açanlara subsidiya verilməsi, vergi endirimi tətbiqidir. Amma müəyyən hallarda zonalaşma sistemi ilə məhdudiyyətlər gətirmək olur.

– Sizcə, bu addım Bakının yükünü ciddi şəkildə yüngülləşdirə bilərmi?

– Əlbəttə ki, yox – bu, işin bir hissəsidir. Məncə, bir sıra qurumların Bakıdan köçürülməsi prosesinə başlanılmalıdır. İlk növbədə isə universitetlərdən başlamaq lazımdır. Universitetlər inzibati resursdur, yəni dövlət mülkiyyətindədir. Onlar üçün torpaq ayırmaq ciddi maddiyyat tələb etmir. Azərbaycanın şimal rayonlarının təbiəti gözəldir. Təbii ki, Kürdəmirə insanları cəlb etmək çətin olar. Lakin Qax, Zaqatala, Şəki kimi ərazilərə təhsil müəssisələri köçürülsə, insanların orada qalmaq işləmək həvəsi də olar. Dövlət bu zaman yalnız kampusun, tələbə yataqxanalarının, inzibati binaların tikilməsinə investisiya ayıracaq. Zamanla həmin ərazilərdə yan sənaye inkişaf edəcək. Universitet əslində böyük strukturdur: bir mükəmməl ali təhsil ocağı bəzən 100-150 minlik şəhərin dolanması, öz-özünü təmin etməsinə kifayət edir. Yəni universitetlərin köçürülməsi həm də regionların təbii inkişafı deməkdir.

– Sizcə, hansı universitetlərin bölgələrə köçürülməsi daha münasibdir?

– Təbii ki, birdən-birə köçürmək olmaz. Bu, maliyə tələb edir. Bir-bir başlanılmalı, plan qoyulmalıdır. Bunun daha sonra nəticəsinə baxmalıyıq. Əvvəlcə fakültələr köçürülə bilər. Məsələn, Bakı Dövlət Universitetinin müəyyən fakültələri var ki, onların birbaşa bölgələrə köçürülməsi yaxşı olar. Brend adını tutana qədər fakültələri rayonda inkişaf etdirmək olar. İnşaat Memarlıq Universiteti də ilk köçürülənlər sırasında ola bilər, çünki paytaxtdakı binası o qədər də böyük deyil.

– Universitetlərin köçürülməsi ilə bölgələrdə hansı sənaye daha yaxşı inkişaf edə bilər?

– Təhsil Nazirliyi əvvəlcə bununla bağlı planı olub-olmadığını açıqlamalıdır. Əgər sahibkarlar hansı bölgəmizdə universitet açılacağını bilsələr, əvvəlcədən həmin ərazidə torpaq alar, investisiyasını ora yönəldərlər. Bütün investisiyaları Bakıya cəmləməklə paytaxtı yaşanmaz hala gətiririk. Rayonda iş olmadığı üçün hamı şəhərə gəlmək istəyir. Bunun hansı fəsadlar verəcəyi də artıq bəllidir. Universitetlərin köçürülməsi ilə hansı sənayenin bölgələrdə daha yaxşı inkişaf edəcəyi barədə mütləq ekoloqlar, iqtisadçılar təkliflər verməlidirlər.

– Paytaxtı xilas etmə yollarından biri də tikinti məhdudiyyətidir. Bir çox ölkədə böyük şəhərlərdə ciddi tikinti məhdudiyyəti onillərdir qoyulub. Vaxtilə Bakıda da məhdudiyyət vardı – sovet illərində. Ancaq indiki vəziyyət hər kəsə bəllidir, ağacları doğrayıb, bir-birinə bitişik göydələnlər tikirlər…

– Bakı şəhərinin əsas yolları, infrastrukturu 1960-1970-ci illərdə qoyulub. Bu, indiki yükə hesablanmayıb. Şəhərin su-kanalizasiya xətləri, yolların genişliyi müəyyən əhali yükü üçün hesablanıb. Lakin indi beşmərtəbələri söküb yerində onsəkkizmərtəbəli bina tikirlər. Axı həmin ərazilər bu qədər insanı götürmə gücünə sahib deyil. Böyük binalar şəhər kənarında tikilməlidir. Parklar, uşaq bağçaları olmalıdır. Paytaxtdakı əhali yükünə görə məktəb, uşaq bağçası digər infrastrukturlar yetərli deyil.

Mütləq tikinti məhdudiyyəti qoyulmalıdır. Bu vəhşi tikinti ilə 10 ildən sonra Bakı tıxaclardan keçilməz küçələri, yaşıllıqdan məhrum, nəfəs almaqda çətinlik yaradan havası ilə dözülməz yaşanılmaz hala gələcək. (Axar)


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button