En son xeberler

Azərbaycanlı yaşadığı dəhşəti danışır: “Yanımızda 5 nəfəri öldürdülər…” 

Seymur Kazımov, Odessa

Odessadayıq. Əsrlərdir özünün spesifik mentaliteti ilə fərqlənən bu yumor, memarlıq çimərliklər şəhəri indi müharibənin dəhşətlərinə, insan faciələrinə şahidlik edir. 

Gecə boyu, saat 1-dən etibarən dəfələrlə həyəcan siqnalı verilib. Liman şəhəri Odessaya müharibənin ilk günündə – fevralın 24-də dəniz tərəfdən Rusiya hərbi dəniz qüvvələrinin hücumu olmuşdu. Həmin vaxt şəhərə ciddi zərər dəyməsə də, təhlükə hər an gözlənilir.  

***

Şəhər qonşu vilayətlərdən gələn məcburi köçkünlərin, müharibə dəhşətlərindən xilas ola bilmiş insanların sığınacağına çevrilib. Aktiv döyüşlərin getdiyi yaxın ərazilərdən gələn köçkünlərin təxliyəsi ilə yerli hakimiyyət orqanları ilə yanaşı, çoxsaylı diaspor quruluşları, o cümlədən azərbaycanlıların xilası ilə “Birlik” diaspor təşkilatı məşğul olur. 

***

“Bir qadının cəsədi 3 gün ortada qaldı, pis iy verirdi. Qonşular onu uşaq meydançasında dəfn etdilər”. 23 yaşlı Rail danışır. O, Mariupoldan salamat çıxan azərbaycanlılardan biridir. Əslən Astara rayonundandır, Mariupolda mühəndislik oxuyurdu. İki aydan sonra ali təhsilini başa vurub, diplom alacaqdı. 

Bəfail Rail Nəsirovlar

Railin atası Bəfail Nəsirovun 47 yaşı var. O, Mariupolda metallurgiya zavodunda elektrik-qaynaqçı işləyirdi. İki ildən sonra təqaüdə çıxacaqdı. 

Bəfailin sözlərinə görə, Rusiyanın Mariupolu atəşə tutduğu ilk gün – fevralın 24-də çıxmaq şansları olub. “Fevralın 17-də zavodun direktoru Renat Axmetov şəhərə gəldi dedi ki, narahat olmayın, buralara hücum ola bilməz. Biz də arxayın olduq. Amma ayın 27-28-də şəhər tam mühasirəyə alındı”

Martın 2-dən şəhərdə işıq, su, qaz rabitə kəsilir onlar da qonşuları kimi zirzəmiyə enirlər. Az-maz sakitlik olan kimi çölə çıxıb ocaq qalayır, yemək, çay hazırlayırdılar. Humanitar yardımı çatdırmaq mümkün olmadığına görə, bu müddət ərzində ehtiyat ərzaqla qidalanıblar. 

“Azərbaycanlılardan birinin oteli vardı. Anbarında olan bütün qidaları gətirib, ehtiyacı olan hər kəsə paylayırdı”, – Bəfail əlavə edir. 

Hər dəfə bayıra çıxıb yemək hazırlamaq o qədər də rahat olmurdu. Çünki Rusiya ordusu şəhəri təyyarə, tank, artilleriya ilə atəşə tuturdu. Belə atışmalardan birində 5 nəfər mülki şəxs qətlə yetirilir.

“Onlardan 2 nəfərini binanın giriş qapısında, 3 nəfəri isə uşaq bağçasının həyətində dəfn etdilər”. 

Martın 15-dən etibarən humanitar dəhliz barədə məlumatlar mesajlar telefonlara göndərilsə də, bundan xəbər tutmurlar. Şəhərdə uzun zaman işığın olmaması nəticədə telefonun şarjının bitməsi onları bu informasiyadan məhrum edir. 

“Mariupoldakı diaspor rəhbərimiz özü bizim məhəlləyə gəldi, humanitar dəhliz haqqında informasiya verdi. Güllə altında maşınlara minib, şəhəri tərk etməyə çalışdıq. İlk dəfə rus əsgərini o zaman gördüm. Maşınları saxladılar sənədləri yoxladılar. Telefonlara baxıb, texnika fotoları varsa, onları silirdilər. Mənim telefonumda şarj bitmişdi, baxa bilmədilər”, – Bəfail deyir. 

Bəfail ailə üzvləri Mariupoldan Zaporojetsə, oradan da Odessaya gəlirlər. Ailə üzvlərindən bir neçə nəfər Ukrayna sərhədini keçərək, Almaniyaya gedib. O oğlu isə martın 28-də Moldovaya keçdilər…


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button