En son xeberler

Qətl edilən kənd, “ukraynalılar” yalanı, 44 il sonra güllələnən cani…

Yadigar Sadıqlı

22 mart 1943-cü il, saat 10 radələri, işğal olunmuş Belarus ərazisi. Alman mühafizə polisinin hauptmanı (kapitan) Hans Völlke minik avtomobilində, arxada iki yük maşınında gələn hərbçilərin müşayiəti ilə Minsk yaxınlığındakı aerodroma tərəf gedir. Deyilənlərə görə, o, məzuniyyətini keçirmək üçün Almaniyaya uçacaqdı. 

Völlkenin rütbəsi kiçik olsa da özü balaca adam deyil. 1936-cı ildə Berlində keçirilən yay olimpiya oyunlarında kürə tullamaq yarışlarında 16 m 20 sm nəticə göstərərək, qızıl medal qazanıb. Adolf Hitler də daxil, ölkə rəhbərliyinin sevimlisidir. Nasist rejiminin apolegeti Leni Rifenştalın “Olimpiya” filmində onun qələbəsi də yer alıb. 

Qafilə Minskdən təxminən 50 km aralıda ağac kəsən qadınlarla rastlaşır. Onlardan yaxınlıqda partizan görüb-görmədiklərini soruşurlar. Qadınlar mənfi cavab verirlər. Yoluna davam edən işğalçılar bir neçə yüz metr sonra partizanların atəşi altına düşürlər. Hücum böyük itkilər olmadan dəf edilir, cəmi üç nəfər öldürülür, amma onlardan biri Hans Völlkedir. 

Olimpiya çempionunum Hitlerin sevimlisinin öldürülməsi işğalçıları quduzlaşdırdı. Onlar rast gəldikləri əlli nəfər meşə kəsən qadının yanına qayıtdılar.  Kozıri kəndinin sakinləri olan bu qadınlardan 26-sı güllələndi, digərlərini Pleşenitsı qəsəbəsinə apardılar.

Hadisə Loqoysk-Pleşenitsı yolunun Xatın kəndinə paralel olan hissəsində baş vermişdi. Hücum edən partizanların Xatın kəndinə çəkildiyini kənd sakinlərinin onlara yardım etdiyini düşünən almanlar axşam saatlarında buraya yola düşdülər. Almanların qaniçənliyi ilə ad çıxarmış “Dirlevanger” taborunu onların tərəfinə keçən sovet vətəndaşlarından təşkil edilmiş 118-ci mühafizə taboru müşayiət edirdi.

Tabor 1942-ci ilin yayında almanlarla əməkdaşlıq etməyə razılıq vermiş yerli sakinlərdən Qırmızı ordunun əsir düşən hərbçilərindən təşkil olunmuşdu. Alman mayor Erix Kernerin komandir olduğu hissənin şəxsi heyəti əsasən ukraynalılardan, eləcə də ruslar, beloruslardan ibarət idi. 

Xatın cinayətinin həyata keçirilməsinə bilavasitə rəhbərliyi isə taborun qərargah rəisi Qriqori Vasyura edirdi. Almanların ehtimalının əksinə olaraq, sakinlər səhər baş verən hadisədən xəbərsiz idilər. Buna baxmayaraq, kənd mühasirəyə alındı əhalini zorla keçmiş kolxoz anbarına topladılar.

Taxta tikilinin ətrafına saman döşəndi, benzin töküldü od vuruldu. Yanğın içəridəki insanların təzyiqi nəticəsində qapılar açıldı. Amma qaçmağa çalışan insanlara avtomat silahlardan atəş açıldı. Beləcə, alovdan qurtulanlar güllədən öldülər.

Cinayət nəticəsində 149 nəfər öldürüldü, onlardan 75-i uşaq idi. Xatınlılardan yalnız 8 nəfər xilas oldu. İki sakin həmin gün kənddə deyildilər. Digər 6 nəfərdən beşi uşaqlar idi. Onlardan ikisi anbarda olsalar da sağ qalmışdılar. 13  yaşlı bir oğlan kartof saxlamaq üçün nəzərdə tutulan çalada gizlənib, onu iki alman əsgəri görsə də, ələ vermədilər. Oğlanın 9 yaşlı bacısı isə zirzəmidə gizlənib sağ qaldı. Nəhayət, 12 yaşlı bir oğlanı da almanları görən kimi ata oturdub qonşu kəndə göndərən anası xilas etmişdi.

Həmin gün Xatında olan böyüklərdən yalnız bir nəfər, 56 yaşlı dəmirçi İosif Kaminski sağ qaldı. O, anbarda huşunu itirmişdi, gecəyarı özünə gəldi. Dəmirçi cəsədlərin arasında özünün hələ nəfəs alan oğlunu tapır, amma oğlu az sonra onun qollarında keçinir.

*** 

Müharibədən 20 il sonra Xatın məhv edilən Belarus kəndlərinin simvolu seçildi. 1966-cı ilin yanvarında Loqoysk rayonunda Xatın memorial kompleksinin yaradılması barədə qərar qəbul edildi.

Açılışı 1969-cu il iyulun 5-də baş tutan kompleksin əsas abidəsi – qollarında oğlunun cəsədinin tutan ata üçün prototip İosif Kaminski oldu. 

Xatın cinayətinin anılmasının arxasında həmişə siyasi çalar oldu. Əslində o, almanların onların yerli əlaltılarının Belarusda törətdikləri ən ağır hadisə deyildi. Divan tutulan, əhalisi tamamilə, ya qismən öldürülən 5295 Belarus kəndi arasında qurbanların sayı Xatından xeyli çox olanlar vardı.

Məsələn, Borkidə (Minsk vilayəti) 705, Rositsada 1528, Yedıda 510, Alada 1758, Borkidə (Moqilyov vilayəti) 1800, Britsaloviçidə 702 dinc sakin qətlə yetirilib. Bu, qurbanların sayı Xatındakından dəfələrlə çox olan kəndlərin sayıdır. Fərq nisbətən az olan kəndlər daha çoxdur.

Amma məhv edilən Belarus kəndlərinin simvolu kimi məhz Xatının seçilməsi səbəbsiz deyildi. Belə ki, SSRİ 1940-cı ilin yazında Rusiyanın Smolensk vilayətində Katın adlı kənddə polyak hərbi əsirləri güllələmişdi. Bu məsələ İkinci dünya müharibəsindən sonra Qərbdə alman vəhşiliklərindən az müzakirə olunmurdu. Simvol kimi Xatının (ingiliscə: Khatyn) seçilmə səbəbi məhz Katınla (Katyn) ad oxşarlığı idi. Hətta indi belə sosial şəbəkələrdə bu iki cinayətin səhvən eyniləşdirilməsi hallarına tez-tez rast gəlinir.

Üstəlik, Xatın həqiqəti tam açıqlanmadı. Cinayəti yalnız almanların törətdiyi iddia olunur, onların tərəfinə keçən sovet vətəndaşlarının iştirakının üzərindən sükutla keçilirdi. Əlbəttə, müharibə zamanı almanların tərəfinə keçənlərin mövcudluğu SSRİ-də inkar olunmurdu. Amma simvola çevrilən bir faciənin işğalçılardan daha çox öz vətəndaşlarının törətdiyini etiraf etmək olmazdı.

Müasir dövrdə Xatın yenidən siyasi spekulyasiya obyektinə çevrilib. 2014-cü ildə Rusiya ilə Ukraynanın münasibətləri korlanandan sonra Xatın cinayətinin Ukrayna millətçiləri, “banderaçılar” tərəfindən törədilməsini iddia edən müəllifi ruslar olan xeyli materiallar – məqalələr, yutubda videomateriallar, sosial şəbəkələrdə paylaşımlar meydana gəldi.

Halbuki cinayətdə iştirak edən 188-ci taborun banderaçıların OUN təşkilatı ilə heç bir əlaqəsi yox idi. Daha əvvəl dediyim kimi, tabor almanlarla əməkdaşlığa razılıq verən yerli sakinlərdən hərbi əsirlərdən təşkil olunmuşdu. Üstəlik, təkcə ukraynalılardan deyil, həm də rus beloruslardan ibarət idi. 

***

Xatın cinayətini törədənlərin taleyi müxtəlif oldu. Kimisi müharibə zamanı öldü, kimisi xaricdə sığınacaq tapa bildi, kimisi isə ifşa olunaraq, məhkəmə tərəfindən cəzalandırıldı. Sonuncular arasında ən heyrətamizi Qriqori Vasyuranın əhvalatı idi. 

Vasyura müharibə başlayanda sovet ordusunun baş leytenantı idi. Altı gün sonra almanlara əsir düşdü onlarla əməkdaşlıq etməyə razı oldu. Bu əməkdaşlığı müharibədən sonra sovet orqanlarına bəlli olsa da, Xatın başqa cinayətlərdə iştirakı gizli qaldı. Buna görə də 1952-ci ildə 25 il azadlıqdan məhrum edildi, cəmi 3 il sonra verilən amnistiya nəticəsində isə azadlığa çıxdı.

Azadlığa çıxandan sonra Kiyev vilayətindəki Velikaya Dımerka kəndində yaşayıb. Ətrafdakıları sadəcə əsir düşdüyünə görə haqsız cəzalandırıldığına inandıra bilib. Kommunist partiyasına daxil olub, sovxozun direktor müavini vəzifəsini tutub. Tez-tez gənclərlə görüşüb “döyüş yolu” haqqında danışıb. Hətta bir zamanlar bitirdiyi Kiyev hərbi rabitə məktəbinin fəxri kursantına çevrilib.

Get-gedə həyasızlaşan Vasyura ehtiyatı lap əldən verir. 1985-ci ildə qələbənin 40 illiyi münasibətilə müharibə veteranları kütləvi surətdə Vətən müharibəsi ordeni ilə təltif olunurdular. Özünün təltif olunmadığını görən Vasyura bu “ədalətsizliyə” dözməyərək, yuxarılara şikayət yazır. Müraciət əsasında başlanan araşdırma şikayətçinin əsl kimliyini ortaya çıxarır.

Qriqori Vasyura 1986-cı ilin noyabrında həbs edildi, dekabrın 26-da isə haqqında ölüm hökmü çıxarıldı. Apelyasiya şikayətləri bağışlanılmaq haqqında müraciəti rədd ediləndən sonra 1987-ci ilin oktyabrında güllələndi. 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button