En son xeberler

Rəsulzadə ilə bağlı xahiş niyə üvanına çatdırılmır? 

Martın 6-da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin anım günüdür. Onun vəfatından 67 il keçir.

“Rəsulzadə ev muzeyi” İctimai Qrupunun rəhbəri, professor Solmaz Rüstəmova Tohidi bu əlamətdar gündə Azərbaycan ictimaiyyətinə müraciət edib.

Xatırladaq ki, 2019-cu ilin dekabrında M.Ə.Rəsulzadənin Bakıda ev müzeyinin açılması məqsədilə 100-dən çox ictimai xadim bir araya gəlməsinə və “Rəsulzadəyə borcumuzu qaytaraq” şüarı altında birləşərək fəaliyyətə başlmasına baxmayaraq, üzərindən iki ildən çox zaman keçsə də Rəsulzadənin ev müzeyini açmaq mümkün olmayıb. Solmaz Tohidinin Azərbaycan ictimaiyyətinə müraciəti də elə bu məsələ ilə bağlıdır.

Sözügedən müraciəti təqdim edir:

“Bu gün Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin Anım günüdür, vəfatından 67 il keçir. 2 ildən artıqdır ki, Rəsulzadənin Vətəninə və Dövlətçiliyinə, Xalqına və Millətinə xidmətləri qarşısında onun bu Vətəndə, bu Dövlətdə həmin Xalqın, həmin Millətin az da olsa öz borcunu qaytarması məqsədilə yaradılan “Rəsulzadə ev muzeyi” İctimai Qrupu olaraq fəaliyyət göstəririk. Hələ ki, əsas məqsədə çatmamışıq, çata bilmirik. Doğrudur, özümüzdən asılı olan hansısa işləri görürük, Rəsulzadənin zəngin yazılı irsinin araşdırılması, tanınması və tanıdılması sahəsində bir beynəlxalq elmi konfrans keçirmişik, ilk elmi əsərlər toplusunu – “I Beynəlxalq Rəsulzadə Qiraətləri” kitabını nəşr və təqdim etmişik. İki il əvvəl İctimai Qrupumuzun 10 üzvü Məhəmməd Əmin bəyin vəfatının 65-ci ilində onun xatirəsini Ankarada, məzarı önündə, Rəsulzadənin Türkiyədəki ailəsi sayılacaq Azərbaycan Kültür Dərnəyi ilə birlikdə yad etmişik. Amma qarşısına konkret, əməl və nəticə ilə ölçülən məqsəd qoymuş bir ictimai qurum olaraq, təbii ki, yalnız bu sıradan tədbirlərlə kifayətlənə bilmərik. Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı mövcud problemlər haqda onun doğum günü və adı gedən kitabın təqdimatı ərəfəsindəyanvarın 28-də yazmışdım. Həmin yazıda bu yolda başqa, icazəsi və icrası qat-qat asan olan daha bir təşəbbüs göstərdiymizi və hələ də cavab gözlədiyimizi bildirmişdim.

İndi bu təşəbbüs və ona olan, daha doğrusu olmayan reaksiya haqqında.

Arxiv sənədlərindən və memuar ədəbiyyatından məlumdur ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra Milli Şuranın sədri və Azərbaycan Parlamentində aparıcı “Müsavat” fraksiyasının başçısı kimi Bakıda, Vorontsov küçəsi, 15 (hazırda: İslam Səfərli küçəsi, 15) ünvanlı binanın sonuncu- ikinci mərtəbəsindəki mənzildə yaşayıb, 1920-ci ilin payızında Stalin tərəfindən həbsdən azad edilib Moskvaya aparılarkən sonuncu dəfə bu mənzildə ailəsi ilə həmişəlik vidalaşıb. Ondan sonra xanımı və övladları 1935-ci ilə kimi həmin mənzildə yaşamaqda davam ediblər.

Bu faktdan çıxış edərək Rəsulzadənin ev muzeyi yaradılana qədər onun Bakı şəhərində xatirəsinin daha bir ənənəvi formatda əbədiləşdirilməsi üçün 2021-ci il 14 sentyabr tarixində İctimai Qrupumuzun Təşkilat Komitəsi adından Bakı Şəhər İcra başçısı Eldar Əzizova məktub göndərib Rəsulzadənin göstərilən ünvandakı binada yaşadığına dair barelyefli xatirə lövhəsinin vurulmasına icazə istədik. Məktubumuzun çatdığının təsdiqini aldıq. Mövcud qaydalara görə uzağı bir ay müddətində bizə cavab verilməli idi. Cavab gəlmədi, sorğularımız da nəticəsiz qaldı. 2 ay keçdi. Bir səlahiyyət sahibi şəxsi qaydada başa saldı ki, hədər yerə vaxt itirməyək, cavab olmayacaq, səbəbini də dedi və məsləhət gördü ki, xahişimizi ya Baş Nazirə (Eldar Əzizovun tabe olduğu strukturun rəhbərinə), ya da birbaşa vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlayaq.

12 noyabr 2021-ci il tarixdə eyni məzmunda məktubla Mehriban xanım Əliyevaya müraciət etdik. Bir neçə gündən sonra AR Prezident aparatının Humanitar siyasət şöbəsindən zəng vurub həmin mənzilin yeri ilə bağlı bəzi məsələləri dəqiqləşdirdilər. Bu zəngdən sonra xahişimizə cavab, həm də müsbət cavab olacağına şübhəmiz qalmadı və çox da sevindik. Çünki söhbət yalnız Rəsulzadənin yaşadığı binaya barelyefli xatirə lövhəsinin vurulmasına icazədən gedir və bu işi bütünlüklə öz hesabımıza görəcəyimizi bildirdiyimiz üçün maliyyə-xərc məsələsi ortaya çıxmayacaqdı.

O vaxtdan 4 aya yaxın müddət keçir. Cavab yoxdur. Nə hə, nə yox! Sonuncu dəfə 2021-ci ilin dekabrın 19-da bu işə məsul şəxsdən aldığım məlumata görə məktubumuz barədə hələ Mehriban xanım Əliyevaya məruzə olunmamışdı! Mənim inad və təkidim qarşısında həmin məsul şəxs görüşüb məsələni müzakirə edəcəyimizi vəd etmişdi. İndiyədək heç bir xəbər yoxdur.

Bu “sükutu” necə, nə ilə izah edək ?

Vətəndaş müraciətlərinə ümumi məmur etinasızlığımı? Hətta çoxsaylı tanınmış və nüfuzlu ziyalıların təmsil olunduğu ictimai qrupa qarşı da saymamazlıqmı? Yaxud kimliyindən asılı olmayaraq məktub, xahiş və müraciətləri ümumən cavabsız qoymaqla “cavab” vermək kimi artıq oturuşmuş iş üslubumu? (Eldar Əzizova ünvanladığımız məktubun aqibəti ilə bağlı məhz belə bir səbəb göstərilmişdi)

Lakin bizim təşəbbüsümüz üçün bunlar çox sadə izah olardı. “Rəsulzadə” adı, təbii ki, bu məsələdə, elmi dillə desək, “açar sözdür”. Və ortada bu tarixi şəxsiyyətə qarşı rəsmi dairələrin heç bir məntiqə sığmayan “görüb-görməmək” kimi münasibətinin təzahürü var. Təsadüfi deyil ki, bu mövzunu müzakirə etdiyim “məlumatlı” dost və tanışlarımdan daha çox “məlumatlıları” xahişimizi birbaşa ölkə başçısına, Cənab Prezidentə və vitse-prezidentə deməyə cəsarət edə biləcək üç adamın adını çəkərək, imkanım varsa onlara müraciət etməyi məsləhət gördülər. Adı çəkilən yüksək mənsəb sahiblərindən ikisi ilə uzun illərdir şəxsən tanışam və aramızda qarşılıqlı hörmət və ehtiram var. Mümkündür ki, müraciət edəcəyim təqdirdə bəlkə də bu məsələni ən azı ünvanına “çatdırmaq” xahişimizi eşitsinlər. Amma…

Düzü, Rəsulzadə ilə bağlı hər hansı işi bu yolla görməyi (hətta alınacağı yəqin olarsa belə) Rəsulzadənin adına sığışdırmadım!

Rəsulzadənin qurduğu bir Dövlətdə bu Dövlətin Qurucusunun xatirəsinin əbədiləşdirilməsi məsələsi əslində Dövlət işi olmalıdır və bu təşəbbüs Cəmiyyət tərəfindən irəli sürüldüyü halda belə Dövlət tərəfindən açıq dəstəklənməli və Dövlət adından görülməlidir!

Bu məsələ eyni zamanda Rəsulzadənin qurduğu dövlətdə yaşayan hər bir vətəndaşın və ümumilikdə bütün Azərbaycan Cəmiyyətinin qarşısında bir mənəvi vəzifə, Qurucuya olan borcunu qaytarmaq kimi vicdan məsələsidir.

Odur ki, bu Müraciəti “Rəsulzadə-ev muzeyi” İctimai Qrupu daxil olmaqla bütün Cəmiyyətə ünvanlayıram və qaldırdığımız təşəbbüsə ən fəal surətdə dəstək olmağa, mövqe bildirməyə, məqsədə yetişmək yollarını müzakirə etməyə, səsimizi ucaltmağa və eşitdirməyə çağırıram.

Xatırladıram ki, söhbət M.Ə.Rəsuzadənin Cümhuriyyət qurulandan Vətəni tərk edənə qədər (1918-1920-ci illər), yəni bir Dövlət Xadimi olaraq yaşadığı binaya barelyef-xatirə lövhəsinin vurulmasından gedir!

Vəziyyətin indiki durumunda İctimai Qrupumuzun bəzi üzvlərinə və üzv-qurumlara ayrılıqda müraciət etməyi lazım bilirəm.

İlk sözüm Milli Məclisdəki üzvlərimizə – millət vəkilləri akademik Rafael Hüseynova, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya, həmin komitənin sədr müavini Fazil Mustafaya, Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyevədir. Xahiş edirəm, bu təşəbbüslə bağlı mövqe bildirəsiniz və sizə verilən səlahiyyətlər daxilində bu məsələni Milli Məclis səviyyəsində qaldırasınız. Bir daha vurğulayıram ki, söhbət yalnız M.Ə.Rəsuzadənin yaşadığı binaya barelyef-xatirə lövhəsi vurulması üçün icazədən gedir!

İctimai Qrupumuza daxil olan media qruplarına, jurnalistlərə, ümumən Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələlərin işıqlandırılmasını öz vətəndaş və peşəkar borcu sayan bütün mətbuat və media nümayəndələrinə müraciət edərək, qaldırdığımız bu təşəbbüs-xahişi gündəmə gətirmələrini, müzakirəsini və həllinə qədər də gündəmdə saxlamalarını xahiş edirəm. Bir daha xatırladıram ki, söhbət sadəcə olaraq M.Ə.Rəsuzadənin yaşadığı binaya barelyef-xatirə lövhəsi vurulması üçün icazə verilməsindən gedir!

İctimai Qrupumuzu 15-dən artıq xarici ölkədə təmsil edən diaspora təşkilatları, xaricdə yaşayan soydaşlarımız, Avropa ölkələri və Türkiyədəki dost və həmkarlarımız, Ankaradakı Rəsulzadə ailəsi-“Azərbaycan Kültür dərnəyi”, sizdən dəstək gözləyirik.

Azərbaycan gəncliyi! Sənə ayrıca nəsə deməyə ehtiyac varmı?

Azərbaycan ziyalısı! Azərbaycan Vətəndaşı! Qaldırılan və hələ də sükutla üzləşən bu təşəbbüs artıq təkcə Rəsulzadə məsələsi deyil. Bir Millət və Cəmiyyət olaraq hamımızın şərəf məsələsidir!

Bir daha vurğulayıram ki, Cümhuriyyətin 104-cü ilində, Dövlət Müstəqilliyimizin bərpasının 31-ci ilində, Rəsulzadənin vəfatının 67-ci ildönümündə söhbət hələ yalnız bu dövlətin qurucusu Məhəmməd Əmin bəyin yaşadığı binaya barelyef-xatirə lövhəsi vurulmasına icazədən gedir…

Solmaz Rüstəmova-Tohidi,

“Rəsulzadə ev muzeyi” İctimai Qrupunun

Təşkilat Komitəsinin sədri,

tarix üzrə elmlər doktoru, professor.

P.S. Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış məktubun surəti burada.


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button