En son xeberler

İbrahimovların qardaşına 6 il 9 ay həbs cəzası kəsildi

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun, “Azad Azərbaycan” telekanalının sabiq prezidenti Tağı İbrahimovun qardaşı olan işadamı Sahib İbrahimov 6 il 9 ay azadlıqdan məhrum edilib. Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

“STS” və “Sahil-D Kompani” tikinti şirkətlərinin rəhbəri olan İbrahimov “Yelobank”dan götürülmüş krediti qaytarmamağa görə dələduzluqda təqsirli sayılıb. Ona həm də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Yaşar Mahmudova qarşı dələduzluğa görə də ittiham verilmişdi. Lakin məhkəmədə Mahmudovla bağlı epizod üzrə İbrahimova bəraət verib.

“Yelobank” məsələsinə gəlincə, İbrahimov heç bu ittihamı da qəbul etmir. Deyir ki, bu da mülki məsələdir. İş materiallarından məlum olur ki, o, 7.5 sot ərazidə tikilmiş bağ evini girov qoyaraq bankdan illik 18 faizlə 300 min manat kredit götürüb. Kredit qaytarılmadığına görə 79 min 500 manat da faiz borcu yaranıb. Bank onu məhkəməyə verib və mülki qaydada mübahisəyə baxılıb.

İbrahimov da, vəkili də deyir ki, bu məsələyə mülki qaydada baxılıb qərar çıxarılıbsa, indi eyni məsələ ilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunması qanunsuzdur.

Hökmdən əvvəl İbrahimov son sözündə də təqsirsiz olduğunu bildirib. O deyib ki, çoxlu sayda polislər evinə basqın edib: “Evimə hücum elədilər. Məni şahid kimi dindirmək adıyla apardılar. Mənim heç bir təqsirim yoxdur. Mən təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan məhkəmələrinin ədalətli qərar çıxaracağına ümid edirəm”.

Sahib İbrahimov 2021-ci ilin aprelində dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı kimi əməllərdə suçlanaraq həbs edilib. Bundan öncə 2018-ci ilin avqustunda da o, həbs edilmiş, 1 ay sonra ev dustaqlığına buraxılmışdı. Həmin vaxt o, rəhbərlik etdiyi tikinti şirkətində eyni mənzillərin bir neçə nəfərə satılmasında suçlanırdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilmiş, apellyasiya instansiyası da bu hökmü qüvvədə saxlamışdı.

İbrahimovun həbsindən sonra Ali Məhkəmə həmin hökmü də ləğv edib, işi təkrar baxış üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

24 saat” “
İbrahimovların qardaşına 6 il 9 ay həbs cəzası kəsildi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button