En son xeberler

Hüquq- müdafiə hərəkatının veteranları prezident İlham Əliyevə müraciət ediblər

Bakı/15.02.22 Hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Arzu Abdullayeva prezident İlham Əliyevin diqqətini ölkədə insan hüquqları ilə bağlı vəziyyətə cəlb etmək məqsədilə ona müraciət ediblər.

Uzun illər işğal altında olan Azərbaycan torpaqlarının böyük bir hissəsini İlham Əliyevin səyləri və bacarığı, hakimiyyət və xalqın birləşməsi sayəsində geri qaytarmaq mümkün olub.

“Lakin sizin diqqətinizi ölkəmizdə insan hüquqları ilə bağlı vəziyyətə yönəltmək istərdik ki, bu da torpağın işğaldan azad olunmasının sevincini dadını tam şəkildə hiss etməyə mane olur.

Ən müxtəlif beynəlxalq meydançalarda insan hüquqları ilə bağlı vəziyyətdən ölkəmizin maraqlarına qarşı necə istifadə olunduğunu müşahidə etmək bizi, 30 il stajı olan hüquq müdafiəçilərini məyus edir”, – müraciətdə deyilir.

Hüquq sahəsində dönüş etməyin vaxtı çatıb və Azərbaycanda demokratik cəmiyyətin möhkəmləndirilməsi və ölkənin mənfi reputasiyasının dəyişdirilməsi üçün real potensial var: “Biz əminik ki, insan hüquqları sahəsində irəliləyiş yalnız Qarabağ məsələsində olduğu kimi, hakimiyyət və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsilə mümkündür”.

Cəfəroğlu və Abdullayeva dövlət başçısının diqqətini hüquq müdafiəçisi,  müxtəlif instansiya məhkəmələrdə vətəndaşların hüquqlarını uğurla müdafiə edən və 2 ildən çoxdur ki, həbsdə olan  vəkil  Elçin Məmmədin taleyinə yönəldirlər.

Onun peşə fəaliyyəti məmurların narazılığına səbəb olub və ona qarşı saxta ittiham üzrə cinayət təqibinə başlayıblar.

Elçin Məmməd 15 ildən çoxdur ki, hepatit C xəstəliyindən əziyyət çəkir və həbsdə onun xəstəliyi kəskinləşib. “7 yaşından onu təkbaşına böyüdən anası bu yaxınlarda ağır onkoloji əməliyyat keçirib və onun vəziyyəti getdikcə pisləşir”, – müraciətdə bildirilir.

Cəfəroğlu və Abdullayeva Məmmədin doğum günündə prezidentə müraciət edirlər və dövlət başçısından onun azad edilməsi haqda sərəncam verməsini xahiş edirlər.

“Əminik ki, Elçin Məmməd məsələsinin ədalətli həlli məhkəmələrin və vəkillərin müstəqilliyinin möhkəmləndirilməsi üzrə mühüm qərarların qəbulunda, məmur özbaşınalığının qarşısının alınmasında addımlardan biri olacaq ki, bu da ölkənin reputasiyasına və Azərbaycanın dövlət maraqlarına müsbət təsir göstərəcək”, – müraciətdə deyilir.

* 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatının rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluq” və “hərbi sursat və silahların qanunsuz saxlanmasında” təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib.

Amnesty International, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.—06B-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button