En son xeberler

“Ramiz Mehdiyevin getməsilə ölkədə hər hansısa əsaslı dəyişikliklər baş verməyəcək” – Ə.Oruclu

Bakı/15.02.22 Dünən Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidməti bildirdi ki, akademik Ramiz Mehdiyev yaşı ilə əlaqədar bu qurumdakı postunu tərk etməyə qərar verib və onun bu qərarına son günlər Akademiya və şəxsən onun özü haqqında yayılan məlumatların heç bir təsiri yoxdur.

Ramiz Mehdiyev 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən indi isə AMEA-nın prezidentliyindən də getdi və ya uzaqlaşdırıldı.

Bundan sonra Azərbaycan elmində, siyasətində nələr dəyişəcək? Sistemin problemlərini bir nəfərin adına bağlamaq nə dərəcədə düzdür?

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Turana bildirib ki, Ramiz Mehdiyevin amili və onun tutduğu  mövqe cəmiyyətdə həmişə birmənalı qarşılanmayıb. «Daha çox tənqid hədəfinə çevrilib. Cəmiyyətin bütün seqmentləri Ramiz Mehdiyev amilinə tənqidli mövqe  göstərib. Bu heç kəsin günahı deyil, bu özünün əməllərindən doğan yanaşmalardır».

Onun fikrincə, R.Mehdiyev baş vermiş hadisələrdən nəticə çıxarmalıdır. «Bundan sonra kitab, memuar da yaza bilər. Amma hər  bir halda bu kitablarda Azərbaycan dövlətçiliyinə təhlükə törədə biləcək fikirlərdən uzaq olmalıdır. Yaxşı olardı ki, o bundan sonrakı həyatını sakit, qalmaqaldan uzaq bir ömür yaşasın və nə özünü narahat etməsin, nə də cəmiyyətin əsəbləri ilə oynamasın».

Deputat qeyd edib ki, ona bənzər Azərbaycan dövləti üçün problem yarada biləcək şəxslər var. «Onlar da bundan nəticə çıxarmalıdılar. Sözdə deyil, həm də əməldə cənab Prezidentimizə, onun dəst-xəttinə sədaqətlə xidmət etməlidilər. Əgər kimsə yenə də ya açıq, ya da pərdələnmiş formada Azərbaycan dövlətçiliyinə, milli maraqlarına, cənab Prezidentinin siyasətinə qarşı mübarizə aparmaq fikrinə füşərsə  xalqın iradəsi ortada olacaq».

Elmin inkişafına gəlincə, komitə üzvü bildirib ki, son iki ayda Milli Elmlər Akademiyasında çox ciddi problemlərin, qanun pozuntuların olması ortaya çıxdı. «Bunu AMEA-da çalışan alimlərimiz yazıları və ortaya qoyduqları faktlarla sübut etdilər. Biz illər boyu Azərbaycan elminə böyük xidmətlər göstərdik, dünya şöhrətli alimlər yetişdirdik. Amma indi Elmlər Akademiyasına gənclərin gəlişi yasaqlanıb, alimlər onlara göstərilən münasibətə görə küsüb, gedib».

Deputat, hesab edir ki, alimlərin yetişdilməsi ənənəsi bərpa edilməlidir. «Bunun üçün Elmlər Akademiyasının rəhbərliyinə yüksək peşəkar, olduqca milli həm də innovator düşüncəli alim gəlməlidir».

Siyasi şərhçisi Ərəstun Oruclu Ramiz Mehdiyevin getməsilə ölkədə hər hansısa əsaslı dəyişikliklərin olacağını düşünmür. «Ona görə ki, burada fərdlərdən söhbət getmir, söhbət sistemdən gedir». O, Turana  bildirib ki, ölkədə siyasi sistemin normal bir sistem olması üçün bir neçə amil var. «Ən başlıcası qanunun aliliyi. O, təmin olunmayacaqsa, heç bir dəyişiklik olmayacaq. Və yüksək ehtimalla da olmayacaq. Çünki biz görürük ki, getdikcə ölkədə rejim daha da sərtləşdirilir, məhdudiyyətləri artıran qanunlar qəbul olunur».

Onun sözlərinə görə, körrupsiya ilə mübarizə yalnız sözdə deyilir. «Korrupsiyanın aradan qaldırılması üçün əsaslı mübarizə yoxdur».

Ekspertin fikrincə ölkədə demokratik şərait yoxdur. «Bunun olması əsaslı dəyişiliklər üçün çox zəruridir».

Elmə gəlincə, Ə.Oruclu qeyd edib ki, Azərbaycanda elmi inkişafın bazası yanlış qurulub. «Elmi köhnə sovet modeli ilə bir Akademiyanın əlində cəmləşdiriblər. Akademiyanın aparıcı fiqurların böyük bir hissəsi nəyinki o vəzifələri tutmağa, heç alim adını daşımağa layiq deyillər. Biz bu gün gedən polemikalarda bunu gördük».

Politoloq hesab edir ki, elm üçün indiki şəraitdə böyük vəsaitlər lazımdır. «Dövlət büdcəsindən bu vəsaitlər ayırılmır, ayrılanda da bir hissəsi mənimsənilir. Ramiz Mehdiyev bunu öz məqaləsində göstərmişdi və dediyində müəyyən həqiqət var».

O, vurğulayıb ki, elmin inkişafı üçün təhsil bazası möhkəmləndirilməlidir. «Təhsil isə bizdə addım-addım geriyə gedir. Yəni, bütün bunların birbaşa Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. Dolayısı əlaqəsi var. Çünki o bu sistemin dayaqlarından, quruculardan biridir».—21D-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button