En son xeberler

Navalnıya 10 ildən çox həbs kəsilə bilər

Navalnı ittihamların hamısını rədd edib, onları siyasi motivli adlandırıb

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnıya qarşı yeni mənimsəmə ittihamları üzrə cəzaçəkmə müəssisəsində məhkəmə prosesi başlayıb. Təqsirli bilinərsə, müxalifətçinin indiki cəza müddətinə daha 10 il əlavə oluna bilər.

Navalnı özü ittihamları siyasi motivli hesab edir.

“Mənimsənilmiş” məbləğ 33 minə düşüb

Moskvanın Lefortovo rayon məhkəməsi fevralın 15-də paytaxtdan 200 km şərqdə yerləşən Vladimir regionunun Pokrov şəhərində 2 saylı islah-əmək koloniyasında mühakiməyə başlayıb. Müxalifətçi bu müəssisədə başqa bir ittihamla cəza çəkir. O, ötən il zəhərlənmədən müalicə olunduğu Berlindən qayıdarkən Moskvada həbs olunub.

2020-ci ilin dekabrında açılmış yeni işdəki ittihamnaməyə görə, 45 yaşlı Navalnı özünün hazırda fəaliyyətsiz və qadağan olunmuş Antikorrupsiya Fondundan (FBK) pul mənimsəyib.

Müstəntiqlər Navalnını qurumlarına ayrılmış 4.7 milyon dollardan çox ianəni şəxsi məqsədlər üçün istifadə etməkdə suçlayırdılar. Amma Navalnının müttəfiqi Leonid Volkov fevralın 14-də bildirib ki, ittihamnamədə “mənimsənilmiş” məbləğ 33 min 770 dollar göstərilir.

Daha 6 il də…

Bu ittihamda maksimum 10 il həbs nəzərdə tutulur. Bundan başqa Navalnıya məhkəməyə həqarətə görə altı illik həbs cəzası kəsilə bilər. Bu ittiham ötən il məhkəmə proseslərinin birindən qaynaqlanır.

Navalnı ittihamların hamısını rədd edib, onları siyasi motivli adlandırıb.

Yuliya Navalnayanın ərinin həbsdə məhkəməsini izləməsinə icazə verilib. O, bir gün öncə icazə tələb etmiş, hakimiyyəti “qanunsuz və biabırçı” məhkəmə prosesi keçirməkdə suçlamışdı.

2021-ci ilin yanvarında Almaniyadan qayıtdıqdan bir neçə həftə sonra Navalnıya daha öncə kəsilmiş şərti cəzanın şərtlərini pozmağa görə 2 il yarım həbs kəsilib. Ona qarşı hökm qondarma, siyasi motivli hesab edilib.

Kreml Navalnının 2020-ci ilin avqustunda Sibirdə Noviçok sinir qazıyla zəhərlənməsində əli olmadığını deyir. Müxalifətçinin zəhərlənməsi, daha sonra həbsi Qərbin qınağına, Moskvaya sanksiya tətbiqinə səbəb olub.

24 saat” “
Navalnıya 10 ildən çox həbs kəsilə bilər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button