En son xeberler

17 illik rəhbər getdi: SOCAR-da nələr dəyişəcək?

Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev tutduğu vəzifədən azad edilərək İqtisadiyyat nazirinin müavini təyin edilib. Xatırladaq ki, o, 2005-ci ildən bu vəzifəni tuturdu. 

İlham Əliyevin digər sərəncamı ilə İqtisadiyyat nazirinin birinci müavini Rövşən Nəcəf SOCAR-ın birinci vitse-prezidenti, habelə dövlət şirkəti prezidentinin səlahiyyətlərinin icraedicisi təyin edilib.

Rəhbər dəyişikliyinin ölkə iqtisadiyyatının lokomotivi olan SOCAR-da hansı yeniliklərə səbəb olacağı barədə müzakirələr başlayıb. 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, energetika sahəsi üzrə ekspert İlham Şaban Pressklub.az-a bildirib ki, SOCAR özünün inkişafında yeni mərhələyə qədəm qoyur: 

“SOCAR 1992-ci ildə xarici şirkətlərlə imzalanması planlaşdırılan müqavilələrdə dövləti və onun maraqlarını təmsil edəcək bir qurum kimi meydana gəlmişdi. Yaranışının 2006-ci ilə qədərki ilk dövrü onun xarici şirkətlərlə 30-dan yuxarı Hasilatın Pay Bölgüsü Sazişlərinin imzalanması ilə yadda qaldı. Bu dövr ərzində SOCAR tərəfdaşları ilə birlikdə “Azəri-Çıraq-Günəşli”dən (AÇG) hasilata başladı, “Şahdəniz” kimi meqa qaz yatağının açılması baş verdi. 1997-ci ildə Bakı-Novorossiysk neft kəməri modernizə edilərək? işə salındı, 1999-cu ildə Bakı-Supsa neft kəməri tikildi. AÇG-nin genişmiqyaslı işlənməsi üçün 15 mlrd. dollarlıq bir layihəyə start verildi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum ixrac boru kəmərlərinin tikintisi başlanıldı. Həmin illər SOCAR-ın çiyinlərinə çox böyük yük düşürdü. Çünki 2005-ci ilədək ölkə iqtisadiyyatının yükü, mən deyərdim ki, əsas gəliri məhz SOCAR-ın qazancı hesabına həyata keçirilirdi. Çünki ölkənin xarici şirkətlərin fəaliyyətindən mənfəəti aşağı səviyyədə idi, ölkəyə qazanc gətirən əsas qurum SOCAR idi. SOCAR özü xaricilərlə ilk təmaslarını qurub kadr potensialını artırmaq və beynəlxalq təcrübəni öyrənmə mərhələsini keçirdi”.

Ekspert qeyd edir ki, SOCAR-ın həyatındakı ikinci mərhələni 2006-2020-ci illər hesab etmək olar. “Məhz bu mərhələyə keçid zamanı 2005-ci ilin dekabrında SOCAR rəhbərliyində dəyişikliklər və strukturunun yeni dövrün tələblərinə uyğunlaşdırılaraq qurulmasının şahidi olduq”,-o vurğulayıb.

İ.Şaban bildirir ki, bu mərhələni belə adlandırmaq olar: “İri neft gəlirləri dövründə milli neft şirkətinin yenidən qurulması 2006-cı il BTC-nin işə düşməsi, “Şahdəniz”dən ilk qazın çıxması və 2007-ci ildə Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq qaz ixracatçısına çevrilməsi ilə yadda qaldı. Və 2007-ci ildən SOCAR-ın xarici bazarlarda fəaliyyəti başlayır. Qonşu Gürcüstanda neft məhsulları və qazın satışı, 2008-ci ildə Türkiyədə neft-kimya kompleksinə sahib çıxaraq məhz istehsalla məşğul olmaq, sonradan Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Malta, Rumıniya kimi ölkələrədək fəaliyyət dairəsini genişləndirdi. Bu ölkələrdə aktivlərə malik oldu”.

İ.Şabanın sözlərinə görə, SOCAR-ın daxil bazarda fəaliyyətinin ən parlaq nümunəsi Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) dövlətə məxsus müəssisələrin və birgə müəssisələrin podratçı və subpodratçı qismində çoxmilyardlı layihələrdə iştirakçıya çevrilməsidir:

“Bunlar əvvəlcə ancaq qazma əməliyyatlarında özünü göstərirdisə, sonradan tikintinin bütün seqmentlərinə qədər genişləndi və xidmət sektorunda yerli özəl şirkətlərə qədər yayıldı. Əlbəttə, bu qazanc neft hasilatından əlavə xidmətdən də əldə edilən xeyli böyük vəsait idi. Düzdür, nədənsə hökumət və SOCAR öz hesabatlarında bu məqamın üzərində ötəri dayanırlar, ancaq hər rüb “BPAzərbaycan” şirkətinin hesabatında görmək olar ki, nə qədər dövlət, nə qədər dövlətin iştirakı ilə birgə müəssisələr və özəl müəssisələr podrat layihələrindən vəsait qazanıblar”. 

Mütəxəssis SOCAR-ın fəaliyyətindəki inkişafın 3-cü mərhələsini 23 yanvar 2021-ci il tarixindən hesablayır. “Məhz həmin gün Azərbaycan Prezidentinin imzaladığı Fərmandan görmək olurdu ki, indiyə qədər fəaliyyətdə olmuş SOCAR bundan sonra artıq əvvəlkinə bənzəməyəcək. SOCAR keyfiyyət baxımından dəyişilməyə yönəlirdi. Onun həm idarəçiliyi dəyişir, həm də gələcəkdə Azərbaycan iqtisadiyyatı üçün önəmli oyunçu qalması üçün əldə edə biləcəyi qazancı artırması üçün addımlar atılırdı”, – ekspert vurğulayıb.

İ.Şaban deyir ki, SOCAR-da əvvəl hər şeyə bir şəxs – onun prezidenti cavabdeh idi: onun uğuruna da, büdrəmələrinə də. Artıq bu, belə deyil: “Şirkətin idarəçiliyinə 3 yeni qurum daxil olub – Müşahidə Şurası, Azərbaycan İnvestisiya Holdinqi və bütün bunlardan üstün mövqeyə malik və dövlət başçısına tabe olan Ümumi Yığıncaq. SOCAR prezidentinin səlahiyyətləri artıq xeyli azaldılıb. Şirkətin siyasətini artıq onun prezidenti müəyyənləşdirmir. Prezident və daha 14 nəfərlik İdarə Heyətinin vəzifəsi SOCAR qarşısında qoyulan vəzifələri vaxtında, effektiv və daha yaxşı iqtisadi nəticələrlə həyata keçirməkdir”.

Mütəxəssisin sözlərinə görə, bunlar o zamana təsadüf edir ki, SOCAR-ın artıq özünün balansında olan neft və qaz yataqlarında hasilat artıma getmir, çünki qocalıq dövründədirlər: “SOCAR-ın müstəqillik illərində yeganə açdığı yataq 2010-cu ildə olub – ÜMİD qaz-kondensat yatağı. Yəni SOCAR-ın bundan sonrakı fəaliyyəti az həcmdə karbohidrogenlərin istehsalına təsadüf edəcək, bundan əlavə neftin orta qiymətinin də 2010-cu illərdəkindən az olduğu dövrü yaşamalı olacaq. İndiki qiymət artımı bazarda müvəqqəti xarakter daşıyır və ümumiyyətlə heç zaman neft və qazın qiymətləri daimi hansısa səviyyədə qalmır. Yaşıl enerjiyə keçid dövründə SOCAR dünyəvi çağırışlardan yan dura bilməz, və fəaliyyətində də bu faktorları nəzərə almalıdır. Ona görə də indiki dəyişikliklərin əsas qayəsi hələ ictimaiyyət üçün açıqlanmayan – çox maraqlıdır, qəbul edilib amma açıqlanmır – SOCAR-2035 strategiyasından qaynaqlanır. Nəticəsi necə olacaq? Təbii ki, biz onun indi astanasındakı dövrdəyik və SOCAR hələ tam şəkildə yeni strukturda oturuşmayıb. Müəyyən zaman gərəkdir və biz görə bilərik ki, aparılan islahatlar onun fəaliyyətinə necə təsir göstərib”.

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button