En son xeberler

Ölüb-öldürməyə çağıranlar “veteran” adını qıymırlar 

Veteranlıq statusunun müəyyən edilməsi prosesindən ciddi narazılıqlar var. Belə ki, həmin dövrdə hərbi xidmətə çağırılan, yaxud döyüşlərə könüllü qatılan keçmiş hərbi qulluqçuların bəziləri sosial şəbəkələrdə yazırlar ki, adları “Müharibə veteranı” siyahısına salınmayıb. Müharibədə iştirak etmiş həkimlərin isə ümumiyyətlə heç birinin adı bu kateqoriyaya daxil edilməyib. Səfərbərliklə hərbi əməliyyatlara cəlb edilən şəxslərin bəzilərinə isə bildirilib ki, adları döyüş əmrində yoxdur. 

Xatırladaq ki, prezident İlham Əliyevin ötən il dekabrın 29-da verdiyi sərəncamlara görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində:

– hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə);

– döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə;

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda:

– döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxslərə;

– hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (yuxarıda qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi nəzərdə tutulur.

Sərəncama əsasən, “Müharibə veteranı” adı və vəsiqəsi veriləcək şəxslər haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil ediləcək və onlara 2022-ci il 1 yanvarından Prezident təqaüdü (80 manat) təyin edəcək.

Hərbi bloger Səxavət Məmməd bildirir ki, veteranlıq statusunun müəyyən edilməsi ilə bağlı problemlərin olacağı qaçılmaz idi. “Birbaşa odun-alovun içərisində olmuş adamlara veteranlıq düşmür deyirlər. Necə yəni düşmür? Bəs bilmirdiniz ki, bu adamları döyüşə, ərazi bütövlüyünün bərpa olunması üçün ölüb-öldürməyə çağıranda onlara veteranlıq, əlillik verməlisiniz? Qanun qalıb bir kənarda, avtoritetə görə veteranlıq məsələsi həll edilir. Müdafiə Nazirliyi həmişəki kimi hər mənada özünü ən dişsiz qurum kimi göstərir”, – o qeyd edib.

Veteranlıq təkcə adı döyüş əmrinə düşənlərə verilməlidirmi? S.Məmməd deyir ki, onlarla həkim könüllü, bəziləri isə gönədirişlə döyüş bölgələrində olublar, məhz onların sayəsində yüzlərlə, minlərlə yaralı həyata qaytarılıb, şəhid deyil, qazı olub: “Onları niyə yada, saya salan yoxdur? Bir çoxlarına bir kağız da verməyiblər ki, döyüş bölgəsində həkimlik edib, can qurtarıb. Bunu hara yazaq? Adamın gərək mütləq adamı olsun? Müharibə vaxtı könüllü şəkildə cəbhəyə yardım daşıyanlar niyə veteran olmasınlar? Onlar olmasaydı, bilirsiniz nə qədər problem olacaqdı?!” 

S.Məmməd hesab edir ki, döyüş zamanı müharibə bölgəsində çalışan  jurnalistlərin də böyük xidmətləri olub, amma indi nəzərə alınmır: “Kim hansı quruma yaxındır “təşəkkür” alır. Çox şükür bir dənə də olsun fəxr edəcəyim fərmanım, təşəkkür məktubum yoxdur. Jurnalistlərin xidməti veteranlığa yaramır? Bu da təltiflərdi? Adamlar tanıyıram Müdafiə Nazirliyinə şikayət edib ki, Kəlbəcərdə olmamışam, niyə oranın medalını verirsiniz, olduğum yerin medalını yox? Döyüşən uşaq qalıb kənarda, komandir üçün yemək qızdıranın yaxası medalla doludur. Hərdən düşünürəm, çox vaxt da əmin oluram ki, bunlar hamısı qəsdən edilir”.

Hərbi ekspert Ədalət Verdiyev də problemlərin olduğunu deyir və çıxış yolu kimi məhkəməyə müraciət etməyi tövsiyə edir: “Müharibə başa çatandan sonra Müdafiə Nazirliyi əlillər, veteranlarla bağlı dəfələrlə komissiya yaradıb və bu qurumlar uzun müddət fəaliyyət göstərib. Amma problemlər hələ də bitmir, ona görə nazirliyin bundan sonra yaradacağı komissiyaların da problemi həll edəcəyini düşünmürəm. Ən azı bunu şikayətlərin bitməməsi, sözügedən qurumlardan narazılıqlar da təsdiq edir. Ona görə də hesab edirəm ki, özlərini müharibə veteranı hesab edən, lakin bu adı ala bilməyən şəxslər əllərində olan sənədlərlə, sübutlar, o cümlədən şahidlərlə birgə məhkəməyə müraciət etsinlər. Problemin həllində məhkəmədən qısa yol görmürəm”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə Pressklub.az-a deyib ki, 44 günlük müharibə dövründə əsgərliyə çağırılıb, amma döyüş əməliyyatlarında iştirak etməyən şəxslərin veteran statusu alması doğru deyil. “Bu qayda hətta İkinci Dünya müharibəsi zamanı da məhz bu cür olub. Müharibə hələ bitməmişdi, amma Berlinə çatmış ordunun arxasınca Polşaya qədər gedən əsgərlərə Vətən müharibəsi veteranı adı verilmədi. Bu əsgərlərə Vətən müharibəsi iştirakçısı adı verilib və bəzi imtiyazlar onlar üçün də nəzərdə tutulub. Belə bir variant üzərində işləmək mümkündür”, – ekspert vurğulayıb

Turqut


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button