En son xeberler

İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri

İki ölkənin yüksək rütbəli rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verirsə, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir. 2021-ci ildə noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşü, münasibətlərdə dönüş nöqtəsi olmaqla yanaşı, iki qardaş ölkə arasında çox qısa sürən, İran və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinə heç vaxt dözməyənlərin düşmənçiliyindən qaynaqlanan bəzi süni anlaşılmazlıqlara son qoydu.

Həyata keçirilən əsas səfər və görüşlərlə bağlı deyə bilərəm ki, iki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı görüşlərinin davamı olaraq, bu yaxınlarda biz İran İslam Respublikasının xarici işlər naziri cənab Hüseyn Əmir Abdullahiyanın və onun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfərinin şahidi olduq. Bu yaxənlarda İranın yol və şəhərsalma naziri cənab Rüstəm Qasemi Azərbaycan Respublikasında səfərdə olarkən və səfər zamanı işğaldan azad edilmiş ərazilərə baş çəkdikdən sonra Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə birgə layihələrin icrasını, ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən İranın azad edilmiş ərazilərin yenidən qurulmasına yardımını və bu prosesdə fəal iştirakını müzakirə edərkən, eyni vaxtda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik cənab Zakir Həsənov isə Tehrana səfər edərək, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib və müzakirələr aparmışdır. Bundan əvvəl isə Azərbaycan Respublikasının Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri cənab Şahin Mustafayevin İrana çox səmərəli bir səfəri baş tutmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyətinin İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün İrana baş tutan səfəri də böyük əhəmiyyət kəsb edir.

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf etməsinin və möhkəmlənməsinin göstəriciləri sonsuzdur. İki ölkənin yüksək rütbəli rəsmilərinin saysız-hesabsız qarşılıqlı səfərləri əlaqələrin mövcud səviyyəsindən xəbər verdiyi halda, Azərbaycan vətəndaşlarının ilk səfərinin İran olması faktı iki xalqın qardaşlıq sevgisini göstərən daha bir mühüm göstəricidir. Beynəlxalq təşkilatlarda və qurumlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında iki ölkənin qarşılıqlı dəstəyinin səviyyəsi də İran-Azərbaycan arasında beynəlxalq əməkdaşlığın göstəricisi ola və iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinin hansı səviyyədə olduğunu göstərə bilər.

İqtisadi sahədə iki ölkə arasında ticarət dövriyyəsinin yüksək həcmi və həyata keçirilən birgə layihələrin sayı yaxşı göstərici hesab oluna bilər. Koronavirus pandemiyasının təsiri altında olan dünya iqtisadiyyatı və ticarətinin hələ də özünə gələ bilməməsinə baxmayaraq, 2021-ci ildə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri 2020-ci illə müqayisədə 30%-dən çox artıb. Ticarət əlaqələri koronavirus pandemiyasından əvvəlki dövrlə də müqayisədə  nisbi artıma malik olmaqla  son iki onillikdə ən yüksək səviyyəyə çatmışdır .

Azərbaycan Respublikasının İrandan idxalının artması ilə yanaşı, İrana ixracı da əhəmiyyətli dərəcədə artmış və 2021-ci ildə İran Azərbaycan Respublikasının qeyri-neft ixracının 11%-ni özünə cəlb etmişdir ki, bu da İranın siyasətində və xarici ticarətində qonşularına davamlı diqqətinin göstəricisidir.

Hər iki tərəfdən koronovirusa nəzarətin düzgün idarə olunması ilə nəqliyyat, enerji və sənayenin müxtəlif sahələrində bir sıra birgə layihələr daha sürətlə həyata keçirilir. Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının  təmin olunması sahəsində mühüm rol oynayırlar.

Bu gün görürəm ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir.

Seyid Abbas Musəvi

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfiri

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button