En son xeberler

“Tərtər işi” üzrə birinci qərar ləğv edilib

Bakı/09.02.22 Azərbaycanın baş prokuroru “Tərtər işi”nin fiqurantlarından biri Elçin Quliyevin işi üzrə qərarı ləğv edib.

Bu hərbi qulluqçu istintaq zamanı həlak olub və prokurorluq onun barəsində işi dayandırıb, amma bəraətedici əsaslarla yox.

İndi təkrar istintaq zamanı Quliyevin barəsində yeni qərar qəbul ediləcək.

Quliyevin anası Validə Əhmədova fevralın 7-də Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət edilib və oğlunun işi üzrə əvvəlki qərarın ləğv edilməsi barədə qərarı ona veriblər.

Quliyev 2017-ci ilin mayında həbs olunub və ölüncəyədək incidilib. 2017-ci ilin dekabrında onun işi bağlanıb. Hərbçinin anası bununla razılaşmayıb və prokurorluğu məhkəməyə verib, amma əbəsb yerə. Hazırda onun şikayət Avropa məhkəməsindədir.

O, oğlunun işi üzrə əvvəlki qərarın ləğvini onun bəraəti prosesinin başlanğıcı hesab edir. Qadın əmindir ki, bu işdə zərər çəkmiş bütün şəxslər – istintaq zamanı öldürülənlər və uzun müddətə məhkum olunanlar bəraət almalıdırlar.

“Bu adamların valideynləri, yaxınları da zərər çəkiblər. Kimisə işdən çıxarıblar, çoxu stresdən xəstəliyə düçar olub. Bütün bu sarsıntılar, mənəvi ziyan ödənilməlidir.

İşgəncələrin sifarişçisi və icraçısı olanlar öz cəzalarını almalıdırlar. Bu dəhşətli cinayətlərə cəlb edilənlər – ali rütbəlilərdən tutmuş sıraviyə hər kəs cəzalandırılmalıdır”, – qadın deyib.

Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov hesab edir ki, prokurorluğun sözügedən qərarı iş üzrə bütün fiqurantların barəsində cinayət işinə xitam verilməsi və bəraət üçün imkan yaradır.

“Bu, ilk addımdır və başqalarının barəsində də bu cür qərarların  qəbul ediləcəyinə ümidləndirir”, – Cəfərov 24saat.org-a bildirib.

Xatırladaq ki, “Tərtər işi” üzrə 25 nəfər uzun müddətə həbs edilib, daha 11 nəfər isə istintaq zamanı işgəncələrdən dünyasını dəyişib.

Həbs olunanların hamısı yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

İşgəncələrə görə bir neçə hərbçi həbs edilib, onlardan altısı həbsdədir. Lakin işgəncədə təqsirli bilinənlərin heç biri qətlə görə mühakimə edilməyib. Onlar səlahiyyətlərinin aşılmasına, səhlənkarlığa və s. görə mühakimə olunublar.

*2017-ci il mayın 7-də Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi bir qrup hərbi qulluqçu və mülki şəxsin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq etdiyinə görə saxlandığını bildiriblər. Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət işi açıb. Saxlanılanlar müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. Ancaq tezliklə məlum olub ki, istintaq zamanı ən azı 11 şübhəli işgəncə nəticəsində ölüb. Öldürülən dörd nəfər sonradan bəraət alıb, onlara qarşı ittihamları saxtalaşdıran  müstəntiqlər müxtəlif müddətə həbs cəzası alıblar.

18 dekabr 2021-ci ildə Baş Prokurorluq “Tərtər işi” üzrə cinayət icraatının bərpa edildiyini bildirib.- 06B-

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button