En son xeberler

Tarix yaşanmışların təcrübəsidir

Bakı/07.02.21 Rusiyanın «Komsomolskaya pravda» qəzeti yanvar ayında 6 keçmiş sovet respublikasında tədris olunan «Tarix» dərslikləri barədə yazıb.

«Müstəmləkəçilər» və «işğalçılar»: keçmiş SSRİ respublikalarının məktəb dərsliklərində Rusiya haqqında nə yazırlar » başlıqlı məqalədə deyilir ki, bəzi respublikalarda «artıq orta siniflərdən şagirdlərə rusların necə pis olduğunu və onların keçmişdə nə qədər pislik etdikləri izah olunur». Qəzet Azərbaycan məktəblərində istifadə olunan dərsliklərdən də yazıb.

https://www.kp.ru/daily/27354/4536151/

Bu, həmin qəzetin ilk belə məqaləsi deyil. Hələ 2009 və 2017-ci illərdə «Komsomolskaya pravda» keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan məktəblərinin dərsliklərini «təşviş etmişdi». Həmin illərdə də jurnalistlər dərsliklərdə Rusiyanın işğalçı kimi təqdim edilməsindən narazılıqlarını bildirmişdilər.

Azərbaycan tarixinə aid dərsliklər çağın tələblərinə, Birləşmiş Millətlər Təşkilatının meyarlarına nə dərəcədə uyğundur? Rusiyada tənqid edilən 9-cu sinif üçün «Ümumi tarix» kitabında onları narazı salan nələr var? Kim haqlıdır? Dərsliklərin yazılmasını kimə etibar etmək daha doğru yoldur?

Sözügedən məqalədə «Azərbaycan: «Totalitarizm» və «Repressiyalar» altbaşlığı altında deyilir ki, 9-cu sinif üçün nəzərdə tutulmuş «Ümumi tarix» dərsliyinin müəllifləri «Rusiyadan həm çar, həm də sovet dövrünə görə incik düşüblər». «XIX-cu əsrin birinci yarısına həsr olunmuş «Hərbi-işğalçı rejim» adlı bölümdə Rusiya heç də xoşagəlməyən xasiyyətnamə alıb».

Daha sonra məqalədə dərslikdən sitatlar verilib. «O vaxta qədər xalqımızın suverenliyinin rəmzi olan xanlıqlar ləğv edilib və Rusiya imperiyasının vilayətlərinə çevrilib. Türk-müsəlman xalqlarına düşmən münasibəti bəsləyən Rusiya Şimali Azərbaycanın işğal olunmuş torpaqlarında ağır hərbi-işğal rejimini yaradıb».

Məqalədə qeyd olunur ki, Azərbaycan SSR-nin yaranması «Sovet Rusiyanın hərbi müdaxiləsi» adlı bölümdə təsvir olunub. «Ayrıca göstərilib ki, bolşeviklərin partiyası ruslardan, ermənilərdən, yəhudilərdən və gürcülərdən ibarət idi (millətlər qalın şriftlə göstərilib)».

Təhsil Nazirliyindən 24saat.org-a bildirilib ki, orta məktəblərdə istifadə olunan bütün dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilir: «Keyfiyyəti təmin olunan dərsliklərə dair www.trims.edu.az saytı vasitəsilə ictimai rəyin öyrənilməsinə başlanılır».

Qeyd olunub ki, bununla yanaşı, nəşrqabağı ekspertiza aparılır: «Bütün bu proseslər Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, müxtəlif təhsil qurumları, elmi-tədqiqat institutları, aidiyyatı dövlət qurumları və ictimai təşkilatlar, eləcə də bir sıra xarici, beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Rəylər əsasında dərsliklər təkmilləşdirilir, bir daha yoxlanılır və daha sonra çap olunur».

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev 24saat.org-a bildirib ki, həmin dərslikdə söhbət XVIII-XIX əsrlərin hadisələrindən gedir: «Birinci Pyotrun dövründən başlayaraq Qafqaz, o cümlədən Azərbaycan işğal olunub. Bunun başqa adı yoxdur axı».

O qeyd edib ki, 1918-ci ildə Azərbaycan müstəqil dövlət qurdu, XI-ci Qızıl Ordu isə Azərbaycanı işğal etdi: «Burada tarixi faktlardan söhbət gedir. Əgər bu, işğal deyildisə, onda Azərbaycan 1918-ci ildə necə müstəqil dövlət oldu? Deməli, bundan əvvəl müstəqil dövlət deyildi və hansısa dövlətin tərkibində idi, Rusiyanın tərkibində idi. 1920-ci ildə isə bolşevik ordusu gəldi, Azərbaycanı işğal etdi və biz 70 ildən yuxarı Sovet İttifaqının tərkibində yaşadıq. Sovet İttifaqı qondarma bir dövlət idi. O, dağılandan sonra bütün respublikalar, elə Rusiyanın özü də müstəqillik əldə etdi. Bu, tarixdir, necə olubsa, elə də yazılıb, kimin bundan narazılığı ola bilər ki?»

Deputat hesab edir ki, dərsliklər ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi tərəfindən hazırlanmalıdır: «Elmlər Akademiyası dərsliklərdə yazılmış faktları onun arxivlərində olan sənədlər əsasında yoxlamalı və yazılanlar doğrudursa, bunları təsdiqləməlidir. Dərsliklər düzgün faktlar əsasında yazılmalıdır, çünki bu, gələcək nəsilləri düzgün istiqamətdə inkişafı üçün çox vacibdir».

Təhsil məsələləri üzrə ekspert, tarix dərsliklərinin kuratorlarından  biri Kamran Əsədov bildirib ki, dərsliklərin hazırlanması Azərbaycanda tender əsasında həyata keçirilir: «Təhsil Nazirliyi tender elan edir, dərslikləri sifariş edir və nəşriyyatlar tenderdə iştirak etmək üçün müəllif heyətini yığır. Onlar dövlətin müəyyən etdiyi standartlar çərçivəsində dərslikləri yazırlar və Təhsil Nazirliyi ən yaxşı dərslikləri seçir».

Onun sözlərinə görə, dərsliklərin hazırlanması üçün konsepsiya var: «Bu, həm qanunvericiliklə, həm Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmalıdır, dövlətin müəyyən etdiyi konseptual məsələlər, yəni dövlətçilik, millətçilik, azərbaycançılıq orada öz əksini tapmalıdır».

O qeyd edib ki, XIV-XVI əsrlərdə Azərbaycan daha çox osmanlılarla müharibə aparıb: «XVI əsrdə isə Birinci Pyotrun bura yürüşü, daha sonra işğallar olub, Türkmənçay və Gülüstan müqavilələri olub. Bunlara yanaşma fərqlidir. Amma biz birinci növbədə faktı qiymətləndiririk. Tarixçi şərh verə bilməz, biz faktı yazırıq».

Əsədov qeyd edib ki, bir ölkə digərinin ərazisinə hücum edirsə bu, işğaldır: «Biz dərslikləri yazanda XVI əsrin 80-90-cı illərində  osmanlıların törətdiklərini  də işğal kimi qiymətləndiririk, rusların hücumlarını da. Bunu pis tərəfə yozmaq lazım deyil. Bu, faktdır. Bizim ərazilərimiz başqa dövlət tərəfindən işğal edilib. Bu, ərəblərə də, sasanilərə də aiddir».

Ekspert deyir ki, orta məktəb dərsliklərində Rusiyaya qarşı nifrət yoxdur: «Əksinə, biz XIX-cu əsrdə Rusiyanın Azərbaycanda kənd məktəblərini açmasından, sənaye inqilabından, aqrar ölkədən aqrar-sənaye ölkəsinə onların dəstəyilə keçiddən də yazırıq. Azərbaycanın ilk konstitusiyası sovet dövründə qəbul olunub. Bundan da yazırıq. Azərbaycan dərslikləri bütün millətlərə qarşı tolerantdır. Amma niyəsə həmin jurnalistlər bunu görmək istəmirlər. Yazılan məqalə isə obyektiv deyil və qərəzli yanaşmadır».—0—

 


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button