En son xeberler

Tarix dərsliyinin müəllifi: ‘Biz faktı yazırıq’

Rusiyanın “Komsomolskaya Pravda” qəzetində bu ilin yanvarında altı keçmiş sovet respublikalarında tədris olunan “Tarix” dərslikləri barədə yazı dərc edilib. “”Müstəmləkəçilər” və “işğalçılar”: keçmiş SSRİ respublikalarının məktəb dərsliklərində Rusiya haqqında yazdıqları” başlıqlı məqalədə qeyd edilir ki, bəzi respublikalarda “artıq orta siniflərindən şagirdlərə rusların necə pis olduğunu və onların keçmişdə nə qədər pislik etdikləri izah olunur”.

Bu, həmin qəzetin ilk belə məqaləsi deyil. Hələ 2009 və 2017-ci illərdə “Komsomolskaya Pravda” keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycan məktəblərinin dərsliklərini “təşviş etmişdi”. Həmin illərdə də yazılarda dərsliklərdə Rusiyanın işğalçı kimi təqdim edilməsindən narazılıq bildirilmişdi.

Əvvəldə sözügedən məqalədə “Azərbaycan: “Totalitarizm” və «Repressiyalar”” altbaşlığı altında qeyd edilir ki, 9-cu sinif üçün nəzərdə tutulan “Ümumi tarix” dərsliyinin müəllifləri Rusiyadan həm çar, həm də sovet dövrünə görə incik düşüblər. Müəllifə görə, XIX əsrin birinci yarısına həsr olunmuş “Hərbi-işğal rejim” adlı bölümdə Rusiya heç də xoşagəlməyən xasiyyətnamə alıb.

Daha sonra məqalədə dərslikdən sitatlar verilib: “O vaxta qədər xalqımızın suverenliyinin rəmzi olan xanlıqlar ləğv edilib və Rusiya imperiyasının vilayətlərinə çevrilib. Türk-müsəlman xalqlarına düşmən münasibətini bəsləyən Rusiya Şimali Azərbaycanın işğal olunmuş torpaqlarında ağır hərbi-işğal rejimini yaradıb”.

Məqalədə qeyd olunur ki, Azərbaycan SSR-in yaranması “Sovet Rusiyanın hərbi müdaxiləsi” adlı bölümdə təsvir olunub: “Ayrıca göstərilib ki, bolşeviklərin partiyası ruslardan, ermənilərdən, yəhudilərdən və gürcülərdən ibarət idi (millətlər qalın şriftlə göstərilib)”.

Təhsil Nazirliyindən “24saat.org”a bildirilib ki, orta məktəblərdə istifadə olunan bütün dərsliklər məzmun keyfiyyətinin təminatı prosedurundan keçirilir: “Keyfiyyəti təmin olunan dərsliklərə dair trims.edu.az saytı vasitəsilə ictimai rəyin öyrənilməsinə başlanılır”.

Qeyd olunub ki, bununla yanaşı, nəşrqabağı ekspertiza aparılır: “Rəylər əsasında dərsliklər təkmilləşdirilir, bir daha yoxlanılır və daha sonra çap olunur”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev “24saat.org”a bildirib ki, həmin dərslikdə söhbət XVIII-XIX əsrlərin hadisələrindən gedir: “Birinci Pyotrun dövründən başlayaraq Qafqaz, o cümlədən də Azərbaycan işğal olunub. Bunun başqa adı yoxdur axı”.

O qeyd edib ki, 1918-ci ildə Azərbaycan müstəqil dövlət qurdu, XI Qızıl Ordu isə Azərbaycanı işğal etdi: “1920-ci ildə bolşevik ordusu gəldi, Azərbaycanı işğal etdi və biz 70 ildən yuxarı Sovet İttifaqının tərkibində yaşadıq. Sovet İttifaqı qondarma bir dövlət idi. O, dağılandan sonra bütün respublikalar, elə Rusiyanın özü də müstəqillik əldə etdi. Bu, tarixdir, necə olubsa, elə də yazılıb…”.

Deputat hesab edir ki, dərslikləri ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi hazırlamalıdır: “Elmlər Akademiyası dərsliklərdə yazılmış faktları onun arxivlərində olan sənədlər əsasında yoxlamalı və yazılanlar doğrudursa, bunları təsdiqləməlidir”.

Təhsil məsələlər üzrə ekspert, tarix dərsliklərinin müəlliflərdən biri Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, dərsliklərin hazırlanması Azərbaycanda tender əsasında həyata keçirilir: “Təhsil Nazirliyi tender elan edir, dərslikləri sifariş edir və nəşriyyatlar tenderdə iştirak etmək üçün müəllif heyətini yığır”.

Onun sözlərinə görə, dərsliklərin hazırlanması üçün konsepsiya var: “Bu, həm qanunvericiliklə, həm Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Dərsliklər şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyasına uyğun olmalıdır, dövlətin müəyyən etdiyi konseptual məsələlər, yəni dövlətçilik, millətçilik, azərbaycançılıq orada öz əksini tapmalıdır”.

O, XIX əsrdə imzalanan, Azərbaycan ərazilərinin bölünməsini özündə ehtiva edən Türkmənçay və Gülüstan müqavilələrindən bəhs edir: “Bunlara yanaşma fərqlidir. Amma biz birinci növbədə faktı qiymətləndiririk. Tarixçi şərh verə bilməz, biz faktı yazırıq”.

K.Əsədov qeyd edib ki, bir ölkə digərinin ərazisinə hücum edirsə, bu, işğaldır. “Biz dərslikləri yazanda istər osmanlıların XVI əsrin 80-90-cı illərə aid hadisələrini də işğal kimi qiymətləndiririk, rusların tərəfindən hücumları da. Bunu pis tərəfə yozmaq lazım deyil”.

Ekspert deyir ki, orta məktəb dərsliklərində Rusiyaya qarşı nifrət yoxdur: “Əksinə, biz Rusiyanın XIX əsrdə Azərbaycanda kənd məktəbləri açmasından, sənaye inqilabından, aqrar ölkədən aqrar-sənaye ölkəsinə onların dəstəyi ilə keçməsindən də yazırıq. Azərbaycanın ilk konstitusiyası sovet dövründə qəbul olunub. Bundan da yazırıq. Azərbaycan dərslikləri bütün millətlərə qarşı tolerantdır. Amma niyəsə həmin jurnalistlər bunu görmək istəmir”.

Mənbə: AzadlıqRadiosu
“24 saat”


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button