En son xeberler

Zəfər Amnistiyası başa çatır. Bəs ədalət nə zaman təmin ediləcək?

16-17 min nəfərə şamil olunması nəzərdə tutulan prosesdə 3 min nəfərin həbsxanalardan azad ediləcəyi gözlənilirdi. Qanunla müəyyən edilən vaxt artıq yekunlaşmaq üzrədir. İctimaiyyət bu qərarın nə qədər məhbusa şamil olunmasını və həbsxanalardan azad edilənlərlə bağlı cari məlumatları mütəmadi izləyə bilirmi? Bu prosesdə şəffaflıq necə təmin olunur? Ümumiyyətlə bu qərarın icrası ilə bağlı cəmiyyətdə nəzərəçarpan diskussiyalar baş verirmi?

İlk növbədə qeyd edək ki, müvafiq dövlət orqanlarının eyni vaxta təsadüf edən rəsmi açıqlamalarında bir-birinə uyğun gəlməyən rəqəmlər yayılıb. Ədliyyə naziri Fikrət Məmmədov dekabrın 30-da  kollegiya iclasında bildirib ki, “Ötən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb və 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidmət üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb”. Rəsmi rəqəmlərə istinad etsək, deməli, ƏN-i bildirir ki dekabırın sonunadək ümumilikdə amnistiya 8332 məhbusa şamil olunub. 

Ədliyyə nazirinin açıqlamasından 22 gün sonra,  21.01.2022-ci il tarixdə nazirliyin tabeliyindəki Penitensiar xidmətin Baş idarəsində keçirilən əməliyyat müşavirəsində açıqlanan rəqəmlər fərqli olub. Belə ki, Amnistiya aktının təsiri altına düşən məhkumlardan 3411 nəfərinə və ya 60%-nə amnistiya aktı tətbiq edildiyi qeyd olunub. Onlardan 2704 məhkum azad olunmuş, 707 məhkumun cəza müddəti azaldılmışdır. Nazir 22 gün öncə 950 şəxsin cəzasının azaldığını bildirsə də Xidmət 22 gün sonra bu rəqəmin 707 olduğunu açıqlayıb. Ortada qeyri-müəyyən 243 fərq yaranır. 

Yanvarın 8-də  və yanvarın 24-də  Baş Prokurorluqda keçirilən iclaslarda Baş prokuror Kamran Əliyev bildirib ki, hesabat dövründə ümumilikdə, 10 min 943 şəxs barəsində amnistiya aktı tətbiq edilib. 6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə Amnistiya tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıbdır.

Baş Prokurorun yaydığı məlumatla (8 yanvar) Penitensiar Xidmətin açıqlaması (21 yanvar) arasındakı tarixlərə və açıqlanan rəqəmlərə diqqət etsək uyğunsuzluq açıq görünür. Prokurorluğun məlumatları amnistiyanın daha çox məhbuslara şamil olunduğunu göstərsə də 13 gün sonra Penitensiar Xidmətin açıqlaması bunu inkar edir.

Xatırladaq ki, noyabrın 11-də  Ədliyyə Nazirliyi kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada bildirmişdi ki, bu amnistiya aktının icrası Penitensiar Xidmət üzrə 5800 məhkuma, Probasiya Xidməti üzrə isə 8800 nəfərə şamil olunacaq. 17 min nəfərdən 15 mini üzrə işin icrasını ədliyyə orqanları həyata keçirəcək. Qanunla nəzərdə tutulan vaxt azalsa da əlimizdə olan açıq mənbələrdən bu istiqamətdə real rəqəmlərə çatmaq mümkün deyil.

Təəssüf ki müvafiq dövlət orqanları əlindəki açıq məlumatları ya qeyri peşəkarlıqla yayır, ya da qarşılıqlı əlaqələrdə ciddi problemlər var. İstənilən halda bu barədə dövlət qurumlarının işinə müstəqil ictimai nəzarətin olmaması aktual olaraq qalır.

Keçək digər önəmli məsələyə.

Ölkədə insan hüquq və azadlıqları ilə bağlı ağır durum xeyli müddətdir davam edir. Mübaliğəsiz deyə bilərik ki ölkədə hüquq böhranı yaşanır. Vətəndaşları hüquq mühafizə orqanlarının zorundan qoruya biləcək işlək mexanizmlər ya yoxdur ya da çox zəif və effektsizdir.

Azərbaycanın müstəqillik qazanmasından bu günə qədər ölkə parlamenti 11 Aministiya Aktı qəbul edib, ölkə başçısı tərəfindən 67 Əfv sərəncamı imzalanıb. Amnistiya ümumilikdə 117 min 770 şəxsə, əfv isə 8774 şəxsə şamil edilib. Belə aktlar məhkumların bir çoxu barəsində ədalətsiz məhkəmə qərarlarının nəticəsini aradan qaldırsa da, təəssüflər olsun ki, bu, ümumi olaraq, ədalətin qələbəsi anlamına gəlməyib.

Əfv və Amnistiya aktlarının tətbiq edildiyi işlərin əksəriyyətinin analizi göstərir ki, mövcud məhkəmə-hüquq sistemi çox ciddi problemlidir. Hüquq böhranı da əsasən bu problemlərdən qaynaqlanır. Eyni zamanda bu, idarəetmə sisteminin nəticəsidir. Bu günədək ölkəmizdə siyasi məzmunlu həbslər baş verir, “vicdan məhbusları” problemi qalmaqda davam edir. Belə problemlərdən təkcə daxili ictimai-siyasi durum neqativ təsirlənmir, eyni zamanda beynəlxalq arenada da ölkəmiz üçün gərginlik mənbəyi rolu oynayır.

Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan göndərilmiş şikayətlər üzrə verdiyi qərarlar da məhkəmə sistemindəki problemləri aydın göstərir. Bu qərarlar siyasi düşüncələrinə, baxışlarına görə həbsələrin ölkəmizdə yayğın olmasını, yerli məhkəmələrin qərarlarının ciddi çatışmazlıqlarla qəbul edildiyini təsdiqləyir. Təsadüfi deyil ki əhalinin sayına görə ən çox siyasi və vicdan məhbusu olan ölkələrin sırasında Azərbaycan da öncüllük edir.

Siyasi baxışlarına görə insanların təqib edilməsi, çıxarılan şübhəli məhkəmə qərarları yalnız ölkə daxilindəki sosial-psixoloji mühiti korlamır, həmçinin beynəlxalq arenada da neqativ münasibət formalaşdırır.

Cəmiyyətin fəal hissəsinin bu amnistiya aktından siyasi məhbus probleminin həlli istiqamətində haqlı olaraq çox da böyük gözləntisi yox idi. Lakin qərarın “Amnistiya tətbiq edilən şəxslərin dairəsi” barədə birinci bölmə 1.1. hissəsində nəzərdə tutulan “Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər” müddəasına əsaslanaraq bəzi siyasi məhbusların azad olunacağı gözlənilirdi.

Xüsusilə də 2018-ci il mayın 8-də tutulan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Gədəbəy rayonunun keçmiş icra başçısı, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmovun bu imkandan yararlanması mümkün idi. Artıq proses yekunlaşmaq üzrədir, lakin S.Rüstəmov hələ də azad olunmayıb.

Ədliyyə orqanlarının açıqlamasına görə 359 məhkum müalicəyə yönləndirilib. Onlar müalicə prosesi başa çatdıqdan sonra azadlığa buraxılacaqlar. Məhz Saleh Rüstəmov da hazırda müalicə müəssisəsindədir.

Son olaraq, qeyd edək ki, amnistiya aktının icrasında yetərli şəffaflığın təmin olunduğunu söyləmək çətindir. Qərarda göstərilən 4 aylıq müddətin 3 ayı başa çatsa da bu qərarın konkret nə qədər məhbusa şamil olunduğu hələ də aydın deyil. Eyni zamanda bu qərar ədalətin bərpası kimi də qəbul oluna bilməz. Çünki davamlı olaraq hüquq mühafizə orqanları şübhəli qərarlarla yeni-yeni məhbuslar yaratmaqdadır. Bir tərəfdən sosial-iqtisadi problemlərin, digər tərəfdən isə hüquq problemlərinin məngənəsində əzilən əhalinin dövlətə inamı və güvəni yanlış idarəetmə səbəbindən sarsılmaqdadır.

Nəsimi Məmmədli


XEBERLER

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button